Hüseyn Cavidin anadan olmasının 130 illik yubileyi münasibətilə AMEA Hüseyn Cavidin ev muzeyi və türk dünyasının ortaq televiziyası “TRT Avaz” daha bir yeniliyə imza atıb.
Türkiyənin “TRT Avaz” kanalının “Türk dünyasından izler” verilişinin bir buraxılışı Türk dünyasının görkəmli filosof-şairi, dramaturqu Hüseyn Cavidə həsr olunub.
Sənədli filmin çəkilişləri AMEA Hüseyn Cavidin ev muzeyinin yenicə təmirdən çıxmış ekspozisiyasında aparılıb. Filmdə muzeyin direktoru fil.e.d. Gülbəniz Babaxanlının H.Cavidin keçdiyi keşməkeşli həyat yolu, yaradıcılığı və bu gün muzeydə qorunan və nümayiş olunan dəyərli eksponatlar haqqında söylədiyi maraqlı faktlar öz əksini tapıb.
Film H.Cavidin ev muzeyinin ekspozisiyasında nümayiş olunan əlyazmalar, fotolar, xatirə əşyaları, rəsm əsərləri, H.Cavidin əsərlərindən parçalar və Azərbaycanlı və Türkiyəli H.Cavid tədqiqatçılarının dəyərli fikirləri əsasında hazırlanıb.
Bildirək ki, filmin bir nüsxəsi H.Cavidin ev muzeyinin arxivində saxlanılır.
Gün.Az