Mədəniyyət və Turizm Nazirliyi ilə Gürcüstan nazirliyi arasında İşçi Qrupun ilk iclası keçirilib
17.3.2016

Mədəniyyət və Turizm Nazirliyi ilə Gürcüstanın Mədəniyyət və Abidələrin Mühafizəsi Nazirliyi arasında işçi qrupun görüşü keçirilib.

Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, iclasa Azərbaycan tərəfindən həmsədr mədəniyyət və turizm nazirinin müavini Sevda Məmmədəliyeva, Gürcüstan tərəfindən həmsədr mədəniyyət və abidələrin mühafizəsi nazirinin müavini Levan Xaratişvili rəhbərlik ediblər. Toplantıda həmçinin Gürcüstanın Mədəni İrs üzrə Milli Agentliyinin baş direktoru Nikoloz Antidze, Gürcüstanın Azərbaycan Respublikasındakı səfirliyinin mədəniyyət üzrə müşaviri Georgi Loria və Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinin aidiyyəti şöbələrinin nümayəndələri iştirak ediblər.

İclasda giriş sözü ilə çıxış edən Sevda Məmmədəliyeva qonaqlara Azərbaycanın qədim tarixi və mədəniyyəti, ölkədə keçirilən beynəlxalq tədbirlər haqqında barədə məlumat verib. Toplantının məhz Novruz bayramı ərəfəsində keçirildiyini vurğulayan nazir müavini, bu bayram da daxil olmaqla YUNESKO-nun qeyri-maddi mədəni irs siyahısına daxil edilmiş Azərbaycan mədəniyyət nümunələrindən söhbət açdı, YUNESKO və digər beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı dəstək göstərilməsinin vacibliyi vurğulanıb.

Görüşdə iki ölkə arasında mədəniyyət sahəsində əlaqələrin mövcud vəziyyəti, həmçinin kinematoqrafiya, muzey, incəsənət, təhsil və mədəni irsin mühafizəsi sahəsində əməkdaşlığın perspektivləri müzakirə edilib. Mədəniyyət sahəsində qanunvericilik bazasının təkmilləşdirilməsi istiqamətində İşçi Qrup çərçivəsində müvafiq işlərin görülməsinin faydalı olacağı qeyd olunub.

Daha sonra tərəflər arasında ikitərəfli əlaqələrin genişləndirilməsi və prioritet hesab olunan məsələlərə dair fikir mübadiləsi aparılıb. Sevda Məmmədəliyeva tərəfindən Gürcüstanda yerləşən Azərbaycan mədəniyyətinə aid abidələrin və muzeylərin bərpası və mühafizəsinin, regionlarda fəaliyyət göstərən mədəniyyət müsəssisələrinin təkmilləşdirilməsi istiqamətində təcrübə mübadiləsinin həyata keçirilməsinin önəmi qeyd edilib.

Bununla yanaşı, Azərbaycan Respublikası Hökuməti ilə Gürcüstan Hökuməti arasında mədəniyyət sahəsində əməkdaşlıq haqqında Saziş çərçivəsində Mədəniyyət sahəsində əməkdaşlığa dair Proqramın imzalanması məsələsi müzakirə edilib.

Gürcüstan nümayəndə heyətinə “Mədəniyyət sektorunun siyasəti və idarə olunması sisteminin modernləşdirilməsində Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinə dəstək” adlı Tvinninq layihəsi haqqında məlumat verildi və bu sahədə Gürcüstanla təcrübə mübadiləsinin həyata keçirilməsinin zəruriliyi vurğulanıb.

Azərbaycan mədəniyyəti ilə daha yaxından tanış olmaq məqsədilə səfər çərçivəsində Gürcüstan nümayəndə heyətinin Heydər Əliyev Mərkəzi, həmçinin Bakı şəhərində yerləşən bir neçə tarixi abidə və muzeylərə ziyarəti nəzərdə tutulub.

trend.az