Ölkəmizin qərb bölgəsində Novruz tonqalları alovlandırılıb
17.3.2016

Novruz bayramı münasibətilə Samuxda ümumrayon şənliyi keçirilib.

Heydər parkında təşkil edilən şənlikdə rayonda fəaliyyət göstərən müəssisələrin kollektivləri, ictimaiyyət nümayəndələri, Qarabağ müharibəsi əlilləri, şəhid və aztəminatlı ailələr iştirak ediblər.

Samux Rayon İcra Hakimiyyətinin başçısı Alı Qoсayev şənlik iştirakçılarını Azərbaycan xalqının uzaq keçmişdən bu günədək sevə-sevə yaşatdığı Novruz bayramı münasibəti ilə təbrik edib, bahar bayramının xalqımıza ruzi-bərəkət gətirməsini arzulayıb.

Bayram şənliyi Novruz tonqalının alovlandırılması ilə davam etdirilib. Milli geyimli uşaqlar tonqalın ətrafında dövrə vurub, mahnı oxuyub, rəqs ediblər. Rayon idmançılarının nümunəvi çıxışları bayram iştirakçıları tərəfindən maraqla qarşılanıb. Daha sonra Novruz bayramının əsas personajları olan Bahar qız, Kosa və Keçəl atlıların müşayiəti ilə faytonda meydana daxil olublar. Kosa və Keçəl şənlik iştirakçılarını Novruz bayramı münasibətilə təbrik edib, hazırladıqları səhnəciklərlə, şən zarafatlarla tamaşaçıları şənləndiriblər.

Şənlik konsert proqramı ilə davam etdirilib.

X X X

Naftalanlılar xalqımızın əziz və milli bayramı - Novruzun gəlişini ümumşəhər şənliyi ilə qeyd ediblər.

Heydər Əliyev meydanında təşkil olunan el şənliyində Dədə Qorqud və Bahar qızın gəlişi ilə Novruz tonqalı alovlandırılıb.

Şəhər icra hakimiyyətinin başçısı Natiq Aslanov bayram münasibətilə əhalini təbrik edib, onlara xoş arzularını çatdırıb.

Şənlik konsert proqramı ilə davam etdirilib. Novruzun personajları olan Bahar qız, Kosa və Keçəl insanlarda xoş ovqat yaradıb.

Milli musiqinin sədaları altında uşaqlardan ibarət rəqs qruplarının çıxışları şənliyə rəng qatıb.

azertag.az