AZAL: Martın 27-dən uçuşlar bir saat tez yerinə yetiriləcək
17.3.2016

Nazirlər Kabinetinin yay vaxtına keçidin ləğv olunması ilə bağlı qərarı ilə əlaqədar olaraq 27 mart 2016-cı il tarixindən etibarən "Azərbaycan Hava Yolları" (AZAL) aviaşirkətinin uçuş cədvəlinə düzəliş olunacaq.

AZAL-ın mətbuat xidmətindən verilən məlumata görə, təyinat məntəqələrinə nəzərdə tutulan vaxtda çatmaq və vaxtında transfer məqsədilə, aviaşirkətin bütün beynəlxalq aviareysləri Azərbaycanın havalimanlarına/hava limanlarından artıq alınmış aviabiletlərdə göstərilən vaxtdan bir saat tez uçacaq.

Heydər Əliyev Beynəlxalq Hava Limanı AZAL-ın martın 26-dan sonra olan reyslərinə aviabilet alan bütün sərnişinlərdən aviabiletdə göstərilən uçuş vaxtından 3 saat öncə qeydiyyat üçün hava limanına gəlməyi xahiş edir.

AZAL-ın bütün qurumları sərnişinlərin vaxtında təyyarəyə minməsini təmin etmək üçün gücləndirilmiş rejimdə işləyəcək.


Hər hansı bir sual yarandığı təqdirdə (+99412) 598-88-80 və ya *8880 telefon nömrələri ilə əlaqə saxlamaq, və ya callcenter@azal.az elektron poçtuna yazmaq xahiş olunur.

lent.az