Azərbaycan Dövlət Musiqili Teatrı Novruz bayramı ilə əlaqədar istirahət günlərində maraqlı tamaşalarla çıxış edəcək.
Teatrın mətbuat xidmətindən bildirilib ki, söhbət martın 19-u, 25-i, 26-sı və 27-də nümayiş olunacaq “O olmasın, bu olsun”, “Mən dəyərəm min cavana”, “Qafqazlı qardaşqızı”, “Bir dayan, canavar!” və “www-ferzeli-kef.com” tamaşalarından gedir.
Musiqili Teatr bayram günlərində də həm rusdilli, həm də balaca tamaşaçılarını unutmayıb. Belə ki, martın 25-də “Qafqazlı qardaşqızı” iki hissəli operettası böyüklər üçün, martın 26-da isə “Bir dayan, canavar!” musiqili nağıl-tamaşası uşaqlar üçün rus dilində təqdim ediləcək.
Tamaşaçılar nümayiş olunacaq səhnə əsərlərində sevimli aktyorları – Xalq artistləri İlham Namiq Kamal, Fatma Mahmudova, Əməkdar artistlər Novruz Qartal, Nahidə Orucova, Şövqi Hüseynov, Nərgiz Kərimova, aktyorlar Ülviyyə Əliyeva, Emil Heydərov, Mehriban Zalıyeva və başqalarının ifalarını izləyə biləcəklər.
Qeyd edək ki, biletləri şəhərin teatr-konsert kassalarından və “ASAN Xidmət” mərkəzlərindən əldə etmək olar.
azertag.az