Martın 16-dan 19-dək və 24-dən 27-dək keçirilən “Ölkəmizi tanıyaq” maarifləndirici tur-aksiya çərçivəsində üçüncü gündür paytaxtda olan Naxçıvan məktəblərinin 150 IX-XI sinif şagirdindən və 20 müəllimindən ibarət qrup martın 18-də Bakı Olimpiya Stadionunda olub.
Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin əməkdaşı Elşən Qabulov bildirib ki, Naxçıvan məktəbliləri bundan əvvəl Fəxri xiyabanda ümummilli lider Heydər Əliyevin məzarını, Şəhidlər xiyabanını ziyarət ediblər, Dağüstü parkda olublar, İçərişəhərdə Qız qalası və Şirvanşahlar sarayı ilə tanış olublar. Məktəblilər həmçinin Heydər Əliyev Mərkəzi, Milli Azərbaycan Tarixi Muzeyi, Xalça Muzeyi, Rüstəm Mustafayev adına Azərbaycan Dövlət İncəsənət Muzeyi və Muğam Mərkəzi ilə tanış olublar. Uşaqlar üçün Dövlət Bayrağı Meydanına və Dənizkənarı Milli Parka ekskursiya, habelə dəniz gəzintisi təşkil edilib. Məktəblilər Nərimanov Rayon İcra Hakimiyyətinin təşkil etdiyi şənliyə qatılıblar.
Sabunçu Rayon İcra Hakimiyyəti başçısının müavini Arzu Məmmədova bildirib ki, bu irimiqyaslı tədbir dövlətimizin rəhbərliyinin gənclər siyasətinin tərkib hissəsidir və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq, ölkəmizin tarixinin, mədəniyyətinin adət-ənənələrinin, müstəqillik illərində qazanılan nailiyyətlərin dərindən öyrənilməsi məqsədinə xidmət edir.
Sonra məktəblilər Azərbaycanda və bütün Qafqazda ən böyük stadiona ekskursiya ediblər. Onlara məlumat verilib ki, stadionun 2011-ci il iyunun 6-da Azərbaycan Prezidenti İlham Əliyevin, FIFA-nın və UEFA-nın prezidentləri Jozef Blatter və Mişel Platininin birgə iştirakı ilə təməlqoyma mərasimi Azərbaycan futbolunun 100 illiyi münasibəti ilə keçirilən tədbirlərin yaddaqalan məqamı olub. 68 min 700 tamaşaçı yeri olan bu idman qurğusu rekord qısa müddətdə - 4 il ərzində tikilib istifadəyə verilmişdir. Naxçivanlı stadionun tikilişi barədə məlumat verən videoçarx nümayiş etdirilib.
Sonra Sabunçu rayonunun 148 nömrəli məktəbinin şagirdləri Novruzun gəlişinə həsr olunmuş konsert proqramı ilə çıxış ediblər.
Tədbirin sonunda xatirə şəkilləri çəkilib.
azertag.az