Binəqədidə ilk bələdiyyə yarmarkası açılıb
18.3.2016

Binəqədi rayonunda Binəqədi bələdiyyəsinin təşkilatçılığı ilə yaradılan ilk bələdiyyə yarmarkasının açılışı olub və Novruz şənliyi təşkil edilib. Bələdiyyə yarmarkasında keyfiyyətli, ucuz kənd təsərrüfatı və emal müəssisələri məhsullarının satışı nəzərdə tutulur. Yeni yarmarkada əhaliyə yüksək səviyyəli xidmət üçün hər cür şərait yaradılıb.

Tədbirdə çıxış edən Binəqədi bələdiyyəsinin sədri Sitarə Cabbarlı qeyd edib ki, bələdiyyə yarmarkası Prezident İlham Əliyevin 2014-2018-ci illərdə Azərbaycanın regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramının birinci ilinin yekunlarına dair müşavirədə qarşıya qoyduğu vəzifələrə uyğun olaraq yaradılıb. Layihənin icrası yerli istehsalın qorunmasına şərait yaradacaq, inhisarçılığın qarşısı alınacaq və ərzaq məhsulları ilə təminatda dövlətimizin başçısının qarşıya qoyduğu ən mühüm tapşırıqlardan biri - idxaldan asılılıq qismən azalacaq. Bayram tədbiri incəsənət ustalarının rəngarəng konsert proqramı ilə başa çatıb.

azertag.az