27 mart – Beynəlxalq Teatr Günü Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında da qeyd olunub.
Mədəniyyət və Turizm Nazirliyindən bildirilib ki, həmin gün teatrda A.Tolstoyun “Balaca və damda yaşayan Karlson”, Xalq Yazıçısı Elçinin “Buzovna kəndinin əhvalatları” tamaşaları nümayiş etdirilib.
2013-cü ildə Beynəlxalq layihə çərçivəsində hazırlanmış “Balaca və damda yaşayan Karlson” tamaşasının quruluşçu rejissoru Ukraynalı rejissor Tatyana Şevçenko, quruluşçu rəssamı Yelena Karpenko, baletmeysteri Yekaterina Moreva, musiqi tərtibatçısı İradə Muradovadır.
Elçinin Abşeron mövzusuna həsr olunmuş nəsr əsərləri əsasında səhnələşdirilmiş “Buzovna kəndinin əhvalatları” tamaşası da nümayiş olunub. Xalq yazıçısının “Toyuğun diri qalması” hekayəsi və “Dolça” povesti əsasında hazırlanan səhnə əsərində Bakı kəndlərinin gündəlik yaşam tərzi, zəngin adət-ənənələri əksini tapır. Tamaşanın quruluşçu rejissoru, Xalq Artisti Cənnət Səlimova, rejissor assistenti Əməkdar Artist Nofəl Vəliyev, quruluşçu rəssamı Əməkdar Rəssam Tahir Tahirov, bəstəkarı Firudin Allahverdidir.
Qeyd edək ki, “Buzovna kəndinin əhvalatları” tamaşası artıq 50-ci dəfədir nümayiş etdirilir.
AZƏRTAC