Azərbaycanın ən qədim yaşayış məskənlərindən və ilkin şəhər mədəniyyətinin formalaşdığı məkanlardan olan Bərdə eramızdan əvvəl II minillikdən başlamış son orta əsrlərə qədər geniş bir dövrü əhatə edən çoxlu maddi mədəniyyət abidələri ilə zəngindir. Rayon ərazisindən aşkar edilən arxeoloji tapıntılar, qədim əmək alətləri və əşyalar Bərdə rayon Tarix-Diyarşünaslıq Muzeyində qorunub saxlanılır.
Tarix-Diyarşünaslıq Muzeyinin direktor əvəzi Turanə Məmmədova müsahibəsində bildirib ki, 1982-ci ildən fəaliyyət göstərən muzey 2006-2008-ci illərdə əsaslı təmir edilib və 2009-cu ilin mart ayının 2-də Prezident İlham Əliyevin iştirakı ilə istifadəyə verilib.
Muzeydə Bərdənin tarixini, mədəniyyətini, etnoqrafiyasını, məişətini, adət-ənənəsini əks etdirən 2300 eksponat, o cümlədən qədim şəhərin maketi nümayiş etdirilir. Eksponatların bir çoxu şəhərdə aparılmış arxeoloji qazıntılar zamanı tapılıb. Eksponatlardan 900-ü arxeoloji əşya, 1086-sı məişət və etnoqrafik əşya, 104-ü fotoşəkil, 10-u isə sənəddir. Şəhərin VII-IX əsrlər dövrünü əks etdirən maketi isə muzeyin ziyarətçilərinin daha çox marağına səbəb olur. Maketdə şəhərin qala divarları, müxtəlif istiqamətlərdə qapılar, Nüşabə qalası, Tərtər çayı üzərində körpü, yaşayış evləri, mədrəsə və məscidlər, bazar, sənətkar məhəlləsi orta əsrlərdə Bərdə şəhəri, onun əhalisi haqqında geniş təsəvvür yaradır.
T.Məmmədova qeyd edib ki, rayon ərazisində aparılan arxeoloji tədqiqatlar nəticəsində tapılan maddi mədəniyyət nümunələri hesabına muzeyin ekspozisiyası getdikcə zənginləşir. Təkcə 2016-cı ildə Həsənqaya kəndində aparılan qazıntı zamanı aşkar edilən 150 ədəd, Şatırlı kəndi ərazisindəki arxeoloji tədqiqatlar nəticəsində isə tapılan 50 ədəd maddi mədəniyyət nümunəsi muzeyə təhvil verilib. Bu eksponatlar içərisində nadir və maraqlı arxeoloji və etnoqrafik əşyalar diqqəti cəlb edir.
Ekspozisiyaların zənginləşməsinin nəticəsidir ki, muzeyi ziyarət edənlərin sayı ildən-ilə artır. Muzey rayon sakinlərinin, xüsusən də məktəblilərin və şəhərin qonaqlarının ən çox ziyarət etdikləri məkanlardandır. 2015-ci ildə muzeyi 12 min nəfər, cari ilin üç ayında isə 3200 nəfər ziyarət edib. Onlardan iki mini xarici turistdir. Muzeydə mütəmadi olaraq müxtəlif sosial və yaş təbəqələri, məktəblilər üçün tədbirlər, mühazirə, sərgi və tarix dərsləri keçirilir.
azertag.az