İnsanda qəfil qəzəb partlayışına səbəb ... pişiklər imiş?
29.3.2016

Alimlər vaxtaşırı “qəzəb püskürən” pasiyentlərlə bağlı yeni bir ehtimal irəli sürüblər. Onların fikrincə, bu xəstələr arasında toksoplazmaya (insan orqanizminə pişiklərdən keçən parazitə) yoluxma halları başqalarına nisbətən daha çox olur.

“Journal of Clinical Psychiatry” jurnalına istinadla verilən xəbərə görə, Çikaqo Universitetindən olan alimlər nəzarətin epizodik pozulması sindromu (İED) ilə toksoplazmoz arasında statistik əlaqə olmasını aşkar ediblər. Qəfil qəzəb partlayışı kimi də tanınan İED-li xəstələr haqqında məqalənin müəllifi Emil Kokkaro deyib: “Tədqiqatlarımız sübut edir ki, toksoplazmaya yoluxma beyinin kimyasını dəyişə bilər. Nəticədə aqressiv davranış artır. Lakin burada səbəb-nəticə əlaqələri olmasını iddia etmək hələ tezdir”.

Tədqiqatlara cəlb edilmiş 358 könüllünün təxminən üçdə biri İED diaqnozlu, üçdə biri sağlam, qalanları isə digər psixi xəstəliklərdən əziyyət çəkən adamlar olub. Tədqiqatlar nəticəsində məlum olub ki, bütün qruplarda toksoplazmaya yoluxmuş xəstələr ifrat aqressivlik və hirslilikdən əziyyət çəkiblər. Bundan başqa, sonuncu qrupdakı adamlara nisbətən İED-li pasiyentlərdə toksoplazmaya iki dəfə çox rast gəlinib.

Məqalənin həmmüəllifi olan Roys Li deyir: “Əlbəttə, biz insanları pişik saxlamaqdan imtina etməyə çağırmırıq. Tədqiq etdiyimiz təzahürün mexanizmi də hələlik aydın deyil. Bəlkə də səbəblər tam başqadır. Aqressiv fərdlər, adətən, evdə pişik saxlamağı, yaxud yaxşı qızardılmamış ət yeməyi xoşlayırlar”.

azertag.az