BMT-nin mənzil-qərargahında Novruz konserti təşkil edilib
29.3.2016

UNESCO-nun qeyri-maddi mədəni irs nümunəsi kimi qəbul edilən Novruz bayramı BMT-nin mənzil-qərargahında geniş konsert proqramı ilə qeyd olunub.

Türkiyə saytlarına istinadla verilən xəbərə görə konsertdə Beynəlxalq Türk Mədəniyyət Təşkilatının (TÜRKSOY) təşkilatçılığı ilə 150 incəsənət ustası iştirak edib.

Builki tədbir Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Türkmənistanın yenidən müstəqillik qazanmasının 25-ci ildönümünə həsr edilib.

Tədbirdə çıxış edən BMT Baş katibinin birinci müavini Yan Eliasson Novruzun dünya mədəniyyətinin mirası olduğunu söyləyib, bu konsertdə iştirak etməkdən və insanların bayram sevincinə şərik olmaqdan məmnunluq duyduğunu bildirib.

TÜRKSOY-un baş katibi Düsen Kaseinov belə konsertin sülh, qardaşlıq və həmrəyliyin nümayiş etdirmək baxımından vacibliyini vurğulayıb.

Çıxışlardan sonra 15 türkdilli ölkəni təmsil edən musiqiçilər Novruz adət-ənənələrini tərənnüm edən təqdimatlarla çıxış ediblər.

Qeyd edək ki, BMT Baş Məclisinin 2010-cu ildə qəbul etdiyi qərarla martın 21-i Beynəlxalq Novruz Günü elan olunub.

azertag.az