“Panasonic” robot texnikası sahəsində yeni layihələrini təqdim edib
29.3.2016

“Panasonic” şirkəti robot texnikası sahəsində yeni layihələrini - ekzoskeletlər, avtomatlaşdırılmış kostyumlar, elektrik yataqları və robot dayələri təqdim edib. Yeni həllər, əsasən, ağır fiziki işlə məşğul olan işçilər üçün nəzərdə tutulub.

“vesti.ru” saytına istinadən verilən xəbərə görə “AWN-03” adlandırılan ekzoskelet 15 kiloqramadək yüklərin daşınmasında insana kömək məqsədilə hazırlanıb. Sensorlardan gələn siqnal daxili mühərrikə ötürülür ki, bu da mal yükləyən şəxsə belini düz saxlamaqda kömək edir.

"Ninza" ləqəbli digər ekzoskelet insana hərəkət etməyə, qaçmağa, kiçik təpəyə dirmaşmağa kömək edir.

Ölçüsünə görə ekzoskeletlər içərisində ən böyüyü olan “Power Loader” insanın imkanlarını artıran 20 elektrik mühərriki ilə təchiz edilib. Belə ekzoskelet inşaatçı və ya xilasedicilər üçün faydalıdır.

“Resyone” adlandırılmış robot yatağı elektrik kreslosu və avtomatik tibbi çarpayıdan ibarətdir. Ehtiyac olduqda qurğu iki hissəyə ayrılır ki, onlardan biri kresloya çevrilir. Belə xüsusiyyət xəstəxanalarda pasiyentlərin yerini dəyişən zaman tibb bacılarının işini xeyli asanlaşdırır.

Digər “Self-Reliance Support Robot” köməkçi isə yaşlı insanlara hərəkət etməkdə yardımçı olur.

azertag.az