Astanada SSRİ Xalq Artisti, görkəmli qazax bəstəkarı, tanınmış ictimai xadim və pedaqoq Erkeqali Raxmadiyev adına dirijor və vokal ifaçılarının birinci beynəlxalq müsabiqəsi keçirilib. Müsabiqə Qazaxıstanın Mədəniyyət və İdman Nazirliyi, Astana şəhər meriyası, bu ölkənin Elmlər Akademiyası və Dövlət İncəsənət Universitetinin təşkilatı dəstəyi ilə reallaşıb.
Beynəlxalq müsabiqədə Rusiya, Qazaxıstan, Qırğızıstan və digər ölkələrdən 104 gənc dirijor və müğənni iştirak edib. Müsabiqənin təşkilat komitəsinə Xalq Artisti, professor, Qazaxıstan İncəsənət Universitetinin rektoru, tanınmış skripka ifaçısı Ayman Musaxodjayeva sədrlik edib. Müsabiqənin münsiflər heyətində tanınmış sənət adamları ilə yanaşı, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının dirijoru, beynəlxalq müsabiqələr laureatı Əyyub Quliyev də təmsil olunub.
Ə.Quliyev bildirib ki, münsiflər gənc ifaçıları dinləyib və ən layiqlilərini qiymətləndirib.
Qaliblərin təqdimat mərasimi və yekin konserti Qazaxıstan Dövlət İncəsənət Universitetinin böyük zalında keçirilib. Mərasimdə Əyyub Quliyevin dirijorluğu ilə Qazaxıstan Dövlət İncəsənət Universitetinin orkestrı və müsabiqənin laureatları çıxış edib.
Müsabiqə proqramı çərçivəsində musiqişünas alimlərin Beynəlxalq elmi-praktiki konfransı və münsiflər heyəti üzvlərinin ustad dərsləri də keçirilib.
azertag.az