Göbələk həvəskarları üçün yeni dad - quzuqarnı
29.3.2016

Çoxunuzun adını belə eşitmədiyi, el arasında quzuqarnı adlanan göbələyin yığım mövsümüdür. Bu nadir göbələyi şimal rayonlarının meşəliklərindən mart ayının ikinci ongünlüyündən başlayaraq toplamaq olar. Cəmi 20-25 gün ərzində yetişən quzuqarnını aprelin ortalarınadək yığmaq mümkündür.

Quzuqarnı toplayan Rafiq İsayev müsahibəsində bildirib ki, bu göbələk adını görünüşünə görə alıb. “Quzuqarnı il ərzində cəmi bir dəfə olur. Bizim meşələrdə 3-4 növü var. Növ deyəndə ki, quzqarnını öz aramızda rənginə görə fərqləndiririk. Adi, ağ, qara quzqarnı adlandırırıq. Meşədə, əsasən, qovaq ağaclarının altında bitir. Rəngi də yarpaqlardan seçilmir. Amma hər il quzuqarnı yığdığımızdan onun bitdiyi yerləri bilirik. Mart ayında yağışlar çox yağırsa, quzuqarnı da bol olur”, - deyə Rafiq İsayev vurğulayıb.

Quzuqarnı dadına və tərkibindəki vitaminlərin zənginliyinə görə digər göbələklərdən fərqlənir. Bu göbələyin zəhərlisinə rast gəlinmir. Yemək üçün hazırlanması isə çox sadədir. İsti su ilə yuyulub təmizləndikdən sonra yumurta ilə qarışdırılaraq bişirilir. Bundan başqa, çöl şəraitində quzuqarnını şişə çəkib kababını da hazırlamaq mümkündür.

Göbələyin yığılması zövqlü məşğuliyyət olsa da, öz çətinliyi də var. Bir gün ərzində meşədən maksimum 4-5 kiloqram toplamaq olar. Qeyd edək ki, quzuqarnının bir kiloqramı 10-15 manata satılır.

azertag.az