“Təndir ətri – kulinariya yarışması” layihəsi başa çatıb
29.3.2016

“Təndir ətri – kulinariya yarışması” layihəsi çərçivəsində Ucar rayonunda həyata keçirilən tədbirlər başa çatıb.

Layihə Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə həyata keçirilib.

Layihəni reallaşdıran Aytəkin Kərimova bildirib ki, əsas məqsəd Azərbaycanın maddi mədəniyyətinin tərkib hissəsi olan milli mətbəximizin ənənələrinin qorunub saxlanılması, öyrənilməsi, təbliği və inkişaf etdirilməsinə nail olmaqdan ibarətdir.

Vurğulanıb ki, layihə çərçivəsində təşkil edilən tədbirlərdə iştirak edən gənc xanımlarımız milli mətbəximizin spesifikliyi, özünəməxsusluğu haqqında təlimlərdə biliklər qazanıb, həmçinin müxtəlif milli xörəklərimizin, şirniyyat və şərbətlərimizin hazırlanmasında, Azərbaycan xalqının maddi mədəniyyət nümunəsi olan təndir çörəyinin, yuxanın, lavaşın bişirilməsində birbaşa iştirak ediblər.

azertag.az