Bişkekdə rus dilində yayımlanan “Slovo Kırqızstana” qəzetində dahi bəstəkar Üzeyir Hacıbəylinin 130 illik yubileyi münasibətilə Azərbaycanın Qırğızıstandakı səfirliyinin bu ölkənin Mədəniyyət, İnformasiya və Turizm Nazirliyi ilə birgə keçirdiyi yubiley tədbiri və konsert haqqında “Musiqi sərhəd tanımır” sərlövhəli məqalə dərc olunub.
Məqalədə qeyd olunub ki, Abdılas Maldıbayev adına Milli Akademik Opera və Balet Teatrında keçirilən tədbirdə Azərbaycanın Qırğızıstandakı səfiri Hidayət Orucov, bu ölkəmin mədəniyyət, informasiya və turizm naziri Altınbek Maksutov, teatrın direktoru Bolot Osmonov dahi bəstəkarın həyat və yaradıcılığı haqqında məlumat verib, Üzeyir Hacıbəylinin bütün müsəlman Şərqində ilk operanın, operettanın, musiqili komediyanın yaradıcısı kimi tarixə düşdüyünü vurğulayıblar.
Qəzetdə vurğulanıb: “Səfir çıxışında deyib ki, Azərbaycan və Qırğızıstan prezidentləri İlham Əliyevin və Almazbek Atambayevin yürütdükləri məqsədyönlü siyasətin nəticəsində ölkələrimiz arasında siyasi, iqtisadi və humanitar sahələrdə əməkdaşlıq daha da möhkəmlənir və inkişaf edir”.
Bildirilib ki, tədbirin rəsmi hissəsindən sonra keçirilən konsertdə Qırğızıstanın Xalq Artisti Jumakadır Kanimetov, Əməkdar Artist Sadırbek Jumaşev, o cümlədən teatrın baş xormeysteri Karaqul Tilençiyev, solistlər Asel Bekbayeva, Bakıt Ibıkeyev, Nurjiqit Asanov, Salima Mamatova, Almaz İstambayev, Mediana Baitova çıxış ediblər. Tədbirə xüsusi olaraq Azərbaycandan dəvət edilmiş Xalq Artisti, professor Azər Zeynalov və Əməkdar Artist İlahə Əfəndiyeva dahi bəstəkarın həmişəyaşar əsərlərini ifa ediblər. Konsertin dirijoru Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının dirijoru Eyyub Quliyev, rejissoru İskender Saatbayev olub.
azertag.az