Böyük Britaniyada pul ağacları tapılmışdır
15.9.2011

Britaniya meşələrində insanlar yıxılmış və gövdələri tamamilə qədim sikkələrlə örtülmüş ağaclar tapmağa başlamışdır. Belə ağaclara İngiltərənin mərkəzi və qərb hissəsindəki meşələrdə, Uelsdə və Şotlandiyada rast gəlmək olar. Keçən əsrlərdə britaniyalıların ulu babaları inanırmışlar ki, yıxılmış ağacın gövdəsinə sikkə sancanda ağacdakı ruhlar insanın sərvət, məhəbbət və sağlamlıq tapmasına kömək edəcəkdir. Bu ağacların yaşı bir neçə əsrdir.
Onlar çox qəribə görünürlər: ağacların gövdələri qızıl, gümüş və mis sikkələrlə, demək olar ki, tam örtülmüşdür. Uelsin turizm meneceri Meriqu Cons Portmeyrion kəndi yaxınlığında yeddi belə pul ağacı tapmışdır.
M.Cons demişdir: İlk dəfə belə sikkələrə bürünmüş ağac tapanda başa düşməmişdim ki, bu, nə üçün belə edilmişdir və bunu kim etmişdir. Kiçik təhqiqatdan sonra məlum olmuşdur ki, bu tapıntı “istək ağacı”dır. Consun dediyinə görə, qədim vaxtlarda insanlar inanırdılar ki, əgər xəstə ağacların ruhlarına sikkə qurban versə, azar-bezardan xilas olar.