İyunun 7-də Ağcabədi şəhərində Olimpiya İdman Kompleksinin təməlqoyma mərasimi keçirilmişdir. Ağcabədi Olimpiya İdman Kompleksi Azərbaycan Prezidenti İlham Əliyevin “Abşeron və Ağcabədi rayonlarında Olimpiya İdman Komplekslərinin tikintisi ilə bağlı tədbirlər haqqında” 2011-ci il 27 may tarixli Sərəncamı əsasında inşa ediləcəkdir.
Mərasimdə çıxış edən gənclər və idman naziri Azad Rəhimov bildirmişdir ki, hazırda ölkədə 34 olimpiya kompleksi fəaliyyət göstərir, 9 kompleks isə tikilməkdədir.
Tikinti üçün Ağcabədi şəhərində 5 hektar torpaq sahəsi ayrılmışdır. Baş plana əsasən, sahəsi 6500 kvadratmetr olan idman kompleksinin birinci mərtəbəsində universal idman zalı, kafe-restoran, üzgüçülük zalı, güləş zalı, boks və ağır atletika zalı, ikinci mərtəbədə universal idman zalı, trenajor zalı, mehmanxana kompleksi, inzibati idarə, üzgüçülük zalı, stolüstü tennis zalı, üçüncü mərtəbədə universal idman zalı və trenajor zalı, mehmanxana kompleksi olacaqdır. Bundan əlavə, kompleksin ərazisində 1000 nəfər tamaşaçı yerlik tribunası olan stadion, voleybol meydançası, tennis kortu, avtomobil dayanacağı, olimpiya parkı, kompleksi istiliklə təchiz edəcək qazanxana, transformator yarımstansiyası, içməli və yanğına qarşı su anbarları da inşa ediləcəkdir.
Kompleksinin tikintisinin 20 aya başa çatdırılması nəzərdə tutulmuşdur.
AzərTAc