Almaniya KİV-ləri xəbər verir ki, futbol üzrə Almaniya yığmasının baş məşqçisi Yoahim Lev Avropa çempionatı dövründə öz yetirmələrinin sərbəstliyini məhdudlaşdırmamağı qərara almışdır.
Baş məşqçi oyunçuların mini-bardan hərəyə bir bokal pivə içməsinə, hətta siqaret çəkməsinə icazə vermişdir. Yeri gəlmişkən, bildirilir ki, ölkənin indiki yığmasında siqaret çəkməyə meyl edən yalnız qapıçı Tima Vizedir.
Lev oyunçular üçün sosial şəbəkələrdən istifadəyə qadağanı da götürmüşdür. Lakin onlar çempionat iştirakçıları barəsində mənfi rəylər yazmaq və müzakirələr aparmaq hüququndan məhrumdurlar.
Futbolçuların gecələr öz arvadları ilə qalmasına icazə verilib-verilməyəcəyi hələ qət edilməmişdir. Yerli vaxtla saat 23:00-da bütün oyunçular oteldə olmalı, habelə oteldən məsafəsi bir saatlıq yoldan çox olan yerlərə getməməlidirlər.
Xatırladaq ki, İngiltərə yığmasının baş məşqçisi öz yetirmələrinin arvadları ilə görüşləri üçün yarım saat vaxt ayırmışdır. “Üç şir”in hər matçından sonra komanda məşq bazasına qayıtmazdan əvvəl ər-arvadların stadion yaxınlığında 30 dəqiqə tək qalmasına icazə verilmişdir.
AzərTAc