Azərbaycan Prezidenti İlham Əliyevin ölkədə turizm sektorunun inkişafı ilə bağlı apardığı islahatlara uyğun olaraq son illər Naftalanda bir sıra beynəlxalq səviyyəli turizm mərkəzləri tikilib, istifadəyə verilib. Tibbi-müalicəvi xüsusiyyətlərinə görə dünyada yeganə olan Naftalan neftinin faydalarından yararlanmaq istəyən yerli və xarici turistlərin rahatlığını təmin etmək məqsədilə şəhərin infrastrukturu tamamilə yenidən qurulub.
Ötən il şəhərə gələn yerli və xarici turistlərin sayında əvvəlki beş illə müqayisədə altı dəfə artım olub. Hazırda 800-ə yaxın Naftalan sakini şəhərdə fəaliyyət göstərən sanatoriyalarda işlə təmin edilib. Bununla yanaşı yeni turizm obyektlərinin tikintisi üçün müvafiq işlər görülür. Sahibkarlıq subyektlərinin sayının artması şəhər büdcəsinin inkişafına bilavasitə təsir göstərir. Çünki yerli gəlirlərin əsas hissəsini şəhərdə fəaliyyət göstərən turizm obyektləri tərəfindən ödənilən vergilər təşkil edir.
Qeyd edək ki, ötən ilin iqtisadi göstəricilərinə əsasən Naftalan şəhəri xərclərini öz gəlirləri hesabına təmin edən rayon və şəhərlərin sırasına daxil olub.
azertag.az