“AtaTravel” MMC Moskvada keçirilən “Conde Nast Traveller Luxury Travel Fair” beynəlxalq sərgisində iştirak edib.
Şirkətdən bildiriblər ki, sərgi çərçivəsində “AtaTravel” MMC-nin baş direktoru Vüsal Əliyev Yaponiyanın ən iri “H.İ.S. İnternational Tours.ru” turizm şirkətinin nümayəndəsi Maruf Umarov ilə qarşılıqlı əməkdaşlığa dair danışıqlar aparıb. Görüşdə Azərbaycanın gözəl təbiəti, müalicəvi məkanları, zəngin tarixi, mədəniyyəti və mətbəxi, qonaqpərvər insanları haqqında ətraflı məlumat verilib. Danışıqların yekunu olaraq birgə əməkdaşlıq çərçivəsində qarşılıqlı infoturların keçirilməsi planlaşdırılıb. İlk olaraq Yaponiyanın turizm şirkətləri Azərbaycana infotura gələcəklər. “Excelsior Hotel Baku” oteli infoturun tərəfdaşı kimi iştirak edəcək.
Qeyd edək ki, sərgidə Azərbaycanla yanaşı, Rusiya, Ukrayna, Belarus, Gürcüstan, Qazaxıstan, Litva, Latviya və Estoniyadan 800-dən artıq qabaqcıl turizm sənayesi nümayəndəsi, mehmanxana şəbəkələri və assosiasiyaları, lüks klass otel və kurortları, konsyerj xidmətləri, aviaşirkətlər və biznes-aviasiya, tibbi və spa-klinikalar, kruiz şirkətləri, yaxta və limuzinlərin icarəsi, villaların icarəsi, turizm sahəsində eksklüziv mal və xidmətlər göstərən şirkətlər təqdim olunub.
azertag.az