Moskvada Müslüm Maqomayevin abidəsi açılmışdır
16.9.2011

Moskvada görkəmli Azərbaycan müğənnisi və bəstəkarı Müslüm Maqomayevin abidəsinin təntənəli açılış mərasimi olmuşdur. Rusiyanın xalq rəssamı, Rusiya Prezidenti yanında Mədəniyyət üzrə Komissiyanın üzvü Aleksandr Rukavişnikovun əl işi olan bu abidə Voznesenski və Yeliseyev döngələrinin kəsişdiyi yerdəki bağda, böyük musiqiçinin yaşadığı evin yaxınlığında qoyulmuşdur. Abidənin açılış mərasimində dahi sənətkarın istedadının yüzlərlə pərəstişkarı iştirak edirdi. Abidə Müslüm Maqomayevin yaxın dostu, “Krokus” Qapalı Səhmdar Cəmiyyətinin prezidenti, həmvətənimiz Araz Ağalarovun təsis etdiyi Müslüm Maqomayevin Mədəni-Musiqi İrsi Fondunun dəstəyi ilə hazırlanmışdır. Təntənəli mərasimdə iştirak etmək üçün Azərbaycandan ölkəmizin mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin başçılıq etdiyi nüfuzlu nümayəndə heyəti Moskvaya gəlmişdir.
Müslüm Maqomayev 2008-ci ilin oktyabr ayında, ömrünün 67-ci ilində vəfat etmişdir. Müğənni öz doğma şəhəri Bakıda Fəxri xiyabanda dəfn edilmişdir.