Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) aprelin 3-dəbaza ali tibb təhsili əsasında həkim-mütəxəssislərin hazırlanması məqsədilə rezidentura səviyyəsinə qəbul imtahanının I mərhələsini keçirib.
TQDK-dan verilən məlumata görə, imtahan Bakı şəhərində 2, Naxçıvan şəhərində isə 1 binada aparılıb. İmtahan prosesinin idarə olunması üçün Komissiyada operativ qərargah fəaliyyət göstərib və imtahanın gedişinə nəzarət olunub.
Bu gündən etibarən Komissiyada imtahan protokolları və cavab kartlarının emalı aparılacaq və nəticələr yaxın günlərdə elan olunacaq.
Nəticələr elan olunduqdan sonra namizədlər imtahan nəticələri ilə TQDK-nın internet saytında və ya iş nömrələrini bütün mobil operatorlardan 7727 nömrəsinə göndərməklə tanış ola biləcəklər.
İmtahanın birinci mərhələsi ilə (baza fənləri üzrə) əlaqədar namizədlərin müraciətlərinə baxılması üçün Tələbə Qəbulu üzrə Dövlət Komissiyasında Apellyasiya Komissiyası yaradılıb. Apellyasiya Komissiyası Bakı şəhəri, Abdulvahab Salamzadə küçəsi, 28 ünvanında (Bakı Asiya Universitetinin binasında) fəaliyyət göstərir.
Namizədlər Apellyasiya Komissiyasına 2016-cı il aprelin 4-dən 6-dək saat 10:00-dan 17:00-dək şəxsiyyəti təsdiq edən sənədin əslini və surətini təqdim etməklə şəxsən müraciət edə bilərlər.
publika.az