“Xalq qəzeti”nin baş redaktor müavini, Əməkdar Mədəniyyət İşçisi, yazıçı-publisist Afət Məmmədov Beynəlxalq Elmlər Akademiyasının Azərbaycan bölməsinin həqiqi üzvü – akademiki seçilib.
Xəbər verilir ki, Afət Məmmədov bu fəxri ada tarixi, beynəlxalq münasibətlərə, geostrateji mövzulara həsr olunmuş elmi-kütləvi kitablarına, çoxsaylı elmi məqalə və monoqrafiyalarına görə layiq görülüb.
Afət Məmmədov uzun illər Naxçıvanda “Şərq qapısı” qəzetində müxbir, baş müxbir, şöbə müdiri vəzifələrində çalışıb. 1996-cı ildə Naxçıvan Şəhər İcra Hakimiyyətinin təsis etdiyi “Nuh yurdu” qəzetinin baş redaktoru təyin edilib. Həmin dövrdən başlayaraq onun imzası təkcə yerli mətbuat orqanlarında deyil, respublika və bəzi xarici ölkələrin mətbuatında da görünməyə başlayıb. Türkiyə, İran, Almaniya, Rusiya mətbuatında həyatın müxtəlif sahələrindən bəhs edən məqalələrlə çıxış edib, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında lazımi işlər görüb.
1999-cu ildən “Respublika” qəzetində şöbə müdiri, baş redaktorun müavini, Azərbaycan Dövlət İnformasiya Agentliyinin müxbiri vəzifələrində çalışmış Afət Məmmədov 2012-ci ildən “Xalq qəzeti”nin baş redaktor müavini işləyir. Mətbuatda uzun illər səmərəli fəaliyyətinə görə 2010-cu ildə Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə Əməkdar Mədəniyyət İşçisi fəxri adına layiq görülüb.
Ölkəmizin tarixi əlaqələrinə, beynəlxalq münasibətlərinə dair geniş araşdırma aparan Afət Məmmədov bu mövzularda bir sıra dəyərli elmi-kütləvi məqalə və əsərlərin müəllifidir. “Azərbaycan-Norveç əlaqələri”, “Tur Heyerdal Azərbaycanda”, “Beynəlxalq Mühəndislik Akademiyasının Azərbaycan bölməsi”, “Azərbaycan-Hindistan əlaqələri” (Azərbaycan və ingilis dillərində), “Azərbaycan-Türkiyə: dostluq və qardaşlıq əlaqələri”, “Hindistan dünyası” adlı kitabları və beynəlxalq münasibətlərə aid digər elmi araşdırmaları və məqalələri bu qəbildəndir.
Bakıda və xarici ölkələrdə keçirilən bir sıra beynəlxalq konfransların iştirakçısı olan Afət Məmmədovun bu tədbirlərdə çıxışları böyük maraqla qarşılanıb.
Həmkarımızı Beynəlxalq Elmlər Akademiyasının həqiqi üzvü seçilməsi münasibətilə təbrik edir, ona yeni-yeni yaradıcılıq uğurları arzulayırıq.
azertag.az