Qafqaz Universitetində İKT Mərkəzinin və Nodex tələbə klubunun təşkilatçılığı ilə Genuino Day adlı informatika tədbiri keçiriləcək.
Universitetdən verilən məlumata görə, “Genuino Day” hazırda dünyanın 72 ölkəsində keçirilir.
“İndiyədək dünyada 357 Genuino tədbiri keçirilib. Ölkəmizdə ilk dəfə keçiriləcək tədbirin əsas məqsədi Azərbaycanda da bu sahənin olmasını dünyaya çatdırmaq və bu sahəyə marağı olan gənclərin diqqətini cəlb etməkdir. İT sahəsinin mütəxəssisləri orta məktəb informatika müəllimləri tələbə və şagirdlər tədbirdə iştirak etməklə biliklərini dərinləşdirərək gələcək inkişaf istiqamətlərini müəyyənləşdirə biləcəklər”, məlumatda qeyd olunur.
İştirakçılar Abzettin Adamov, Yaşar Hacıyev, Tayfun İlçin və Ceyhun Nabadov kimi mütəxəssislərin məruzələrini dinləyəcəklər. Məruzələrdən sonra tədbir iştirakçılara Qafqaz Universitetinin İKT Mərkəzində tələbələr tərəfindən proqramlaşdırılan robot qurğular və Bluetooth Maşın, Şifrəli qapı, Ethernet Server, Simon oyunu, Bluetooth qayıq, Xəttizləyən robot, Boyölçən qurğu kimi layihələr nümayiş etdiriləcək.
Publika.az