“Coca-Cola” Bakıda keçiriləcək UEFA U-17 Avropa çempionatının rəsmi tərəfdaşı olub
5.4.2016

“Coca-Cola” şirkəti UEFA-nın 17 yaşadək futbolçulardan ibarət yığma komandaları arasında Bakıda keçiriləcək “AÇ-2016”nın tərəfdaşı olub.

Bu gün AFFA-nın inzibati binasında baş katib Elxan Məmmədovla “Coca-Cola” şirkətinin Qafqaz və Mərkəzi Asiya regionunda ictimaiyyətlə əlaqələr və kommunikasiya üzrə meneceri Oleq Piletskiy arasında görüş keçirilib. Tərəflər arasında razılığa əsasən, uzun illər ərzində Olimpiya oyunları, FIFA dünya çempionatları və UEFA Avropa çempionatlarının əsas tərəfdaşı qismində çıxış etmiş “Coca-Cola” şirkəti U-17 Avropa Çempionatını öz məhsulları ilə təmin edəcək.

E.Məmmədov beynəlxalq idman yarışlarına daim dəstək göstərən dünya üzrə məşhur “Coca-Cola” şirkəti ilə əməkdaşlığın əhəmiyyətini bildirib: “Coca-Cola” şirkətinin Bakıda keçiriləcək futbol üzrə Avropa Çempionatının rəsmi tərəfdaşı kimi iştirakını təsdiqləməkdən məmnunam. “Coca-Cola” beynəlxalq arenada tanınmış brenddir və böyük idman çempionatlarının dəstəyində zəngin tarixə malikdir, bu isə şirkəti yarışların etibarlı partnyoruna çevirir”.

O.Piletskiy öz növbəsində qeyd edib ki, bu qədər əhəmiyyətli beynəlxalq tədbirə dəstək göstərmək şirkət üçün nüfuzlu bir hadisədir: “Coca-Cola” şirkəti təmsil olunduğu bütün ölkələrdə idmanın inkişafına böyük diqqət yetirir və hesab edirik ki, idman hamımız üçün zəruri ilham mənbəyidir. Fəal və sağlam həyat tərzi xoşbəxt həyatın təməlidir, bu isə öz növbəsində cəmiyyətin rifahına fayda verir. Bu, “Coca-Cola”nın bütün dünyada idman tədbirlərini dəstəkləməsinin əsas səbəbidir. Qarşıdan gələn futbol üzrə Avropa Çempionatının rəsmi tərəfdaşı olaraq inanırıq ki, bu yarış insanları daha fəal və sağlam həyat tərzi sürməyə dəvət edəcək”.


azertag.az