"Xəzər" dünya ədəbiyyatı jurnalının yeni nömrəsində...
5.4.2016

Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Tərcümə Mərkəzinin rüblük mətbu orqanı olan "Xəzər" dünya ədəbiyyatı jurnalının cari ildə ilk nömrəsi işıq üzü görüb.

Tərcümə Mərkəzindən bildirilib ki, jurnalın bu nömrəsində "Nobel kürsüsü" rubrikasında – Tomas Mannın “Venesiyada ölüm” hekayəsi və yazıçıdan sitatlar, “Azərbaycan ədəbiyyatı”, “Bəşəri poeziya” bölmələrində Zahid Sarıtorpağın və Geri Snayderin şeirləri, “Məktublar” rubrikasında isə məşhurların sevgi məktubları yer alıb.

Həmçinin nəşrdə müxtəlif rubrikalarda Daniil Xarmsın “Yaşıl dəftər” silsiləsindən hekayələri, Jentil Markeşin “Portuqaliya əfsanələri”, Erik-Emmanuel Şmittin “Oskar və Çəhrayı xanım” romanı, Şəms Təbrizidən “Sufilər üçün qırx qızıl qayda” və Haruki Murakaminin “Küləyin nəğməsini dinlə” əsəri verilib.

"Xəzər"də eyni zamanda, rus poeziyasından Yevgeni Yevtuşenkonun şeirləri və Yapon ədəbiyyatından seçmə hekayələr və digər maraqlı yazılar təqdim olunub.


azertag.az