Aprelin 5-də Cəfər Cabbarlı adına teatr muzeyində Xalq Artisti Rafael Dadaşov Azərbaycan Dövlət Dəniz Akademiyasının tələbələri ilə görüşüb.
Aktyorun 70 illik yubileyi ilə əlaqədar təşkil olunan görüşdə R.Dadaşovun həyat və yaradıcılığından bəhs edən fotoslayd nümayiş olunub.
Görüşdə tələbələrə Rafael Dadaşovun sənət dünyası haqqında geniş məlumat verilib.
Bildirilib ki, aktyor 1976-cı ildən Akademik Milli Dram Teatrın aktyor truppasında çalışır. Teatrın səhnəsində bir-birindən maraqlı obrazlar qalereyası yaradıb.
Vurğulanıb ki, Rafael Dadaşov AzTV-də hazırlanmış çoxsaylı televiziya tamaşalarda yaddaqalan obrazlar yaradıb. Həmin teletamaşalar içərisində Anarın "Ötən ilin son gecəsi" (Rüstəm), K.Holdoninin "Mehmanxana sahibəsi" (Sinyor Kavaler), Aslan Qəhrəmanovun "Səni axtarıram" və "Bağışla" (Vasif müəllim) və başqaları sənətkara əbədiyaşarlıq qazandırıb. Həmçinin, aktyor "Var olun qızlar" (İsa), "Yarımçıq qalmış serenada" (Saksofonçu), "Bəxt üzüyü" (Rasim) və digər televiziya filmlərində də özünəməxsus, yaddaqalan obrazları ilə böyük tamaşaçı sevgisi qazanıb.
Sonda aktyor tələbələrin suallarını cavablandırıb.
azertag.az