"Şahdağ" Turizm Mərkəzi qış mövsümünü bağlı elan edib. Mədəniyyət və Turizm Nazirliyinin tabeliyində olan mərkəzdə qış mövsümü ənənəvi olaraq dekabr ayından aprel ayına kimi davam edir.
Nazirlikdən bildirilib ki, bu mövsüm ərzində turizm mərkəzini 75 mindən çox turist ziyarət edib.
Qeyd edək ki, "Şahdağ" Turizm Mərkəzinin əsas məqsədlərindən biri də Azərbaycanda xizəkçilik mədəniyyətinin formalaşdırılması və qış idman növlərinin inkişafına nail olmaqdır. Bu sahədə uğurun əsas göstəricisi turizm mərkəzinə gələn qonaqların 40 faizinin məhz xizək sürmək üçün mərkəzə üz tutan xizək həvəskarlarının olmasıdır.
"Şahdağ" Turizm Mərkəzinin regional olaraq tanıdılması və əcnəbi turistlərin cəlb edilməsi məqsədilə bu mövsüm ərzində bir neçə mühüm addımlar atılıb, xarici turizm şirkətləri üçün infoturlar təşkil olunub, Moskvada keçirilən beynəlxalq turizm sərgisində iştirak edilib. Artıq turizm mərkəzində yay mövsümü üçün hazırlıqlara start verilib.
İyun ayından sentyabr ayına kimi davam edəcək yay mövsümünün açılışınadək isə mərkəzdə fəaliyyət göstərən hotellər qonaqların ixtiyarında olacaq. Xüsusilə, "Şahdağ" hotelində fəaliyyət göstərən sağlamlıq və bərpaedici proqramlar əsasında beynəlxalq dərəcəli mütəxəssislərin çalışdığı SPA xidməti mövsümlərarası dövrdə qonaqların rahatlığı üçün ən uğurlu seçimlərdən olacaqdır.
azertag.az