Moskvada Azərbaycanın əfsanəvi “Qaya” vokal kvartetinin 50 illiyi geniş qeyd edilmişdir
8.6.2012

Moskva Beynəlxalq Musiqi Evinin Teatr salonunda Azərbaycanın əfsanəvi “Qaya” vokal kvartetinin 50 illik yubileyinə həsr edilmiş möhtəşəm konsert olmuşdur.

Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu açılışda çıxış edərək hamını salamlamışdır.

Əfsanəvi “Qaya” qrupu sovet mədəniyyəti tarixində Rəşid Behbudov, Müslüm Maqomayev, və s. məşhur azərbaycanlılar piyadası qədər parlaq iz qoymuşdur.

P.Bülbüloğlu əfsanəvi “dördlüyün” konsertdə iştirak edən üzvlərindən birini - Rauf Babayevi səmimi salamlayaraq demişdir: “Biz hamımız “Qaya”nı sevmişik və sevirik”. Səfirin sözlərinə görə, Rauf Babayevin Azərbaycan mədəniyyəti qarşısında xidmətləri misilsizdir. Axı o, istedadlı uşaqlardan qrup təşkil edərək, “Qaya”nı yenidən yaratmışdır.

Səfir demişdir: “Onun böyük xidməti bundandır ki, o, belə bir kollektiv yaratmışdır. Həmin kollektivlə birlikdə bir çox çətinliklərdən keçərək, əvvəllər “Bəri bax” adlanan “Qaya” qrupunda eyniadlı qrupun ənənələrini davam etdirmişdir. Nəsillərin əvəzlənməsi, toplanmış təcrübənin istedadlı gənclərə ötürülməsi düzgün addımdır”.

Səfir onu da əlavə etmişdir ki, Azərbaycan və Bakı şəhəri günbəgün inkişaf edir. Azərbaycan paytaxtında “Eurovision” mahnı müsabiqəsinin keçirildiyi günlərdə bütün Avropa bunun şahidi olmuşdur. O vurğulamışdır: “Vətənin hüdudlarından kənarda yaşayan bizlər öz ölkəmiz, öz şəhərimiz, öz prezidentimiz və birinci xanımımızla, musiqiçilərimizlə qürur duyuruq”.

Sonra “Yaddaş” studiyasının direktoru, rejissor Cavid İmamverdiyevin əfsanəvi “Qaya” kvarteti haqqında çəkdiyi sənədli film nümayiş etdirilmişdir. Filmdə məşhur musiqi kollektivindən həm onun üzvləri, həm də onlarla dostluq və əməkdaşlıq edənlər - Larisa Dolina, Nani Breqvadze, Mark Rozovski, Vyazçeslav Zaytsev, Yuri Entin, Gennadi Xazanov, Polad Bülbüloğlu, Yuli Qusman, Arkadi Arkanov, Vaxtanq Kikabidze, Leon İzmaylov və başqaları söhbət açmışlar.

Sonra tamaşaçılar keçmiş “Bəri bax” qrupunun bazasında yaradılmış “Qaya” qrupunun gənclərdən ibarət tərkibinin parlaq çıxışından zövq almışlar. Əfsanəvi “Qaya” qrupunun böyük sənətinin istedadlı davamçılarının qrupun həm məşhur və sevilən mahnılarını, eləcə də məşhur caz kompozisiyalarını məharətlə ifa etmələri Moskva tamaşaçısı tərəfindən böyük heyranlıqla qarşılanmışdır.

Sonda “Qaya” qrupunun bədii rəhbəri Rauf Babayev bu möhtəşəm bayramın təşkilatçılarına minnətdarlığını bildirmişdir. O, Azərbaycanın milli sərvəti olan əfsanəvi “Qaya” kvartetinin davamçılarının çıxışlarını tamaşaçıların yüksək qiymətləndirməsindən razı qaldığını ifadə etmişdir.
Qeyd edək ki, “Qaya” qrupu iyunun 7-də Sank-Peterburqda konsertlə çıxış etdikdən sonra iyunun 8-də Bakıya qayıdacaqdır.

AzərTAc