Özbəkistanın nüfuzlu “kultura.uz” saytında Azərbaycanın turizm imkanları və son zamanlar turistlərin ölkəmizə axını barədə “Azerbaydjan vozqlavlyaet reytinq samıx perspektivnıx turistiçeskix napravleniy v SNQ” adlı məqalə verilib.
Mədəniyyət və Turizm Nazirliyindən bildirilib ki, məqalə ölkəmizin Özbəkistandakı səfirliyinin nəzdindəki Heydər Əliyev adına Mədəniyyət Mərkəzinin təşəbbüsü və təşkilatçılığı ilə yayımlanıb.
Məqalədə qeyd edilir ki, turizm xidmətləri üzrə “Travel.ru” firması MDB ölkələrində turizm istiqamətləri və 2016-cı ildə ən perspektivli olan ölkələrin reytinq siyahısını müəyyənləşdirib. Azərbaycan ruslar arasında turizm və istirahət məqsədləri üzrə MDB ölkələri arasında liderdir. Yazıda bildirilir ki, 2015-ci ildə Azərbaycana 2 milyondan çox turist gəlib və onların 685 mini Rusiya vətəndaşlarıdır.
Müəllif məqalədə Azərbaycanın ən məşhur turizm şəhərləri barədə ətraflı məlumat verir. Paytaxt Bakı, ölkənin ən məşhur qış turizm mərkəzi Şahdağ, habelə Gəncə, Şamaxı, Qəbələ və Naftalan, eləcə də Göygöl və Xəzər dənizinin sahillərində Xaçmaz-Nabran, Lənkəran çimərlikləri və buradakı istirahət geniş işıqlandırılıb.
Müəllif, həmçinin “Formula-1” Avropa Qran-prisinin bu ilin iyun ayında Bakıda keçiriləcəyini yazır və bu tədbirin turistlər üçün cəlbedici ola biləcəyini vurğulayır.
2016-cı il fevral ayında Rusiya Federasiyasının Moskva şəhərində Azərbaycanın Turizm nümayəndəliyinin açılması da məqalədə öz əksini tapıb.
Yazıda tarixi Qobustan - qədim insan yaşayış məskəni, öz qədim abidələri və müalicəvi Duzdağ sanatoriyaları ilə öyünən Naxçıvan, füsunkar təbiət mənzərələri ilə insanı valeh edən Göygöl, Qəbələ, isti və qumlu çimərlikləri ilə turistlərin rəğbətini qazanan Nabran, müalicə turizminin inkişaf etdiyi Naftalan barədə geniş məlumat verilir. Burada turistlər üçün maraqlı yerlər, istirahət mərkəzləri, otellər, habelə təklif olunan xidmətlər haqqında informasiyalar yer alıb.
Məqalənin tam versiyası ilə bu linkdən tanış olmaq mümkündür: http://kultura.uz/view_7_r_6742.html
azertag.az