Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) İnformasiya Texnologiyaları İnstitutunun Distant Tədris Mərkəzi ilə Naxçıvan bölməsi arasında ilk dəfə online rejimdə informatika elminin müxtəlif sahələrinə dair mühazirələrin dinlənilməsi məqsədilə “AzScienceNet” elm kompyuter şəbəkəsi (EKŞ) üzərindən canlı bağlantı yaradılıb.
İnstitutdan bildirilib ki, canlı bağlantıya Naxçıvan Dövlət Universiteti və AMEA-nın Gəncə bölməsi də qoşulub.
Videokonfrans sistemi vasitəsilə keçirilən tədbirdə institutun direktoru, AMEA-nın akademik-katibi, akademik Rasim Əliquliyev bildirib ki, elektron elm ölkədə elmi qurumların fəaliyyətinin səmərəliliyinin yüksəldilməsi və vahid online elmi infrastrukturun formalaşdırılması məqsədi daşıyır. Nəticədə elmi-texniki informasiya və hesablama resurslarına çıxışı olan elmi təşkilat və alimlərin virtual məkanda birgə fəaliyyəti təmin olunur. Hazırda ölkədə, xüsusilə də regionlarda elektron elmin inkişaf etdirilməsi, təhsil sisteminin beynəlxalq standartlara uyğunlaşdırılması, səhiyyə, iqtisadiyyat və digər sahələrdə informasiya-kommunikasiya texnologiyalarından (İKT) istifadə prioritet istiqamətlərdəndir.
R.Əliquliyev ölkədə informasiya cəmiyyətinin formalaşdırılması, İKT-nin bütün sahələrə geniş tətbiqi istiqamətində görülən işlərdən, qəbul edilən dövlət proqramlarından da söz açıb.
Son zamanlar AMEA-da aparılan genişmiqyaslı islahatlardan danışan akademik İnformasiya Texnologiyaları İnstitutunun mütəxəssisləri tərəfindən AMEA-nın Naxçıvan bölməsində Distant Tədris Mərkəzi yaradılmasının əhəmiyyətini vurğulayıb.
R.Əliquliyev, həmçinin akademiyanın institut və təşkilatlarını müasir şəbəkə xidmətləri ilə təmin edən “AzScienceNet” EKŞ-nin geniş imkanlarından söz açıb.
AMEA-nın Naxçıvan bölməsinin sədri, akademik İsmayıl Hacıyev bölmədə Distant Tədris Mərkəzinin yaradılmasını dünyanın aparıcı elmi-tədqiqat müəssisələri və universitetləri ilə əlaqələrin qurulması və inkişaf etdirilməsi baxımından təqdirəlayiq hal kimi dəyərləndirib.
Videokonfransda İnformasiya Texnologiyaları İnstitutunun mütəxəssisləri mühazirələr oxuyublar.
azertag.az