“Elmlər Akademiyası” stansiyasının I vestibülü sərnişinlərin giriş-çıxışı üçün müvəqqəti bağlanacaq
6.4.2016

"Elmlər Akademiyası" stansiyasının I vestibülü aprelin 15-dən sərnişinlərin giriş-çıxışı üçün müvəqqəti bağlanacaq.

Bu barədə "Bakı Metropoliteni"nin Mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev bildirib.

O qeyd edib ki, Azərbaycan Respublikası Prezidentinin 18 mart 2011-ci il tarixli 1408 saylı Sərəncamı ilə təsdiq olunmuş "Bakı Metropoliteninin 2011-2015-ci illərdə inkişafına dair Dövlət Proqramı"nın yerinə yetirilməsi üçün tərtib olunmuş tədbirlər planının 2.4 bəndinə uyğun olaraq metropolitenin stansiyalarının yenidən qurulması və müasir avadanlıqlarla (işarəvermə, rabitə, teleidarəetmə, eskalator, ventilyator və s.) təchiz olunması nəzərdə tutulub.

"Elmlər Akademiyası" stansiyasının I vestibülündə quraşdırılmış 3 ədəd ET-3 tipli eskalator istismar müddətini başa vurduğu üçün Sərəncama əsasən müvafiq qaydada dəyişdirilməlidir. Bunun üçün stansiyanın 1-ci vestibülü sərnişinlərin giriş-çıxışı üçün bağlanmalıdır.

Bütün bunları nəzərə alaraq, "Bakı Metropoliteni" QSC sərnişinlərə xəbərdarlıq edir ki, "Elmlər Akademiyası" stansiyasının I vestibülü 15.04.2016-cı il tarixindən etibarən sərnişinlərin giriş-çıxışı üçün müvəqqəti bağlanacaq. II vestibül (BDU tərəf) isə əvvəlki qaydada sərnişinlərin giriş-çıxışı üçün açıq olacaq.

"Bakı Metropoliteni" QSC yaranmış narahatlığa görə sərnişinlərdən üzr istəyir.


trend.az