Tarif Şurası daha 1427 dərman vasitəsinin qiymətini təsdiqləyib
6.4.2016

Prezident İlham Əliyevin tapşırığına əsasən, dərman vasitələrinin qiymətlərinin tənzimlənməsi prosesi davam etdirilir. Aprelin 5-də Tarif (qiymət) Şurasının növbəti iclası keçirilib və daha 1427 dərman vasitəsinin qiyməti təsdiqlənib.

Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının Katibliyindən bildirilib ki, indiyədək Şura tərəfindən dərman vasitələrinin ticarət adı, təsiredici maddəsinin adı, dozası, farmasevtik forması, ticarət qablaşdırması, qablaşdırma miqdarı, istehsal ölkəsi nəzərə alınmaqla 7 min 75 dərman vasitəsinin topdan və pərakəndə satış qiyməti təsdiq olunub. Bu, dövlət qeydiyyatına alınmış dərman vasitələrinin 77 faizini təşkil edir. Bunlardan 5 min 741 dərman vasitəsi təsdiq edilmiş qiymətlərlə artıq satışdadır. Qiymətləri təsdiqlənmiş digər 1334 dərman vasitəsinin yeni qiymətləri isə iyunun 1-dən qüvvəyə minəcək.

Həyata keçirilən siyasətə uyğun olaraq, qiymətləri yeni tənzimlənmiş 1427 dərman vasitəsinin də qiymətləri əhəmiyyətli dərəcədə aşağı salınıb, 26 faizinin qiyməti mövcud qiymətlərlə müqayisədə 2 dəfədən çox, 11 faizinin qiyməti 3 dəfədən çox, ümumilikdə 90 faizinin qiymətləri endirilib.

Qiymət tənzimlənməsi aparılmamış təsiredici maddələr üzrə dərman vasitələrinin qiymətlərinin təsdiqlənməsi üçün Şura tərəfindən sənədlərin (bəyannamələrin) qəbulu üçün son tarix aprelin 22-si müəyyən edilib.

Tarif (qiymət) Şurasının iclasında həmçinin, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin nəzdindəki cərimə meydançalarında nəqliyyat vasitələrinin bir gün üçün saxlanması xidmətlərinin tarifləri nəqliyyat vasitəsinin çəkisi 3,5 tonadək olduqda 1 manat, 3,5 tondan 10 tonadək olduqda 2 manat, 10 tondan yuxarı olduqda isə 3 manat müəyyən edilib, hava nəqliyyatı ilə Gəncə-Naxçıvan reysi üzrə sərnişindaşıma xidmətinin tarifinin yuxarı həddi 60 manat səviyyəsində təsdiq edilib. Yeni tariflər aprelin 6-dan qüvvəyə minəcək.

azertag.az