Usta aşbazın yaşatdığı - qəriblikdə qalan dad
7.4.2016

Aprelin 7-də “Xanədan” restoranında Mədəniyyət və Turizm Nazirliyi və Azərbaycan Milli Kulinariya Assosiasiyasının (AMKA) təşkilatçılığı ilə tanınmış kulinar, AMKA-nın idarə heyətinin və Respublika Kulinariya Şurasının üzvü, usta aşbaz Oruc Əliyevin 60 illik yubileyinə həsr olunmuş tədbir keçirilib.

AMKA-nın prezidenti, UNESCO-nun Ənənəvi Qida Komitəsinin sədri Tahir Əmiraslanov yubilyarı təbrik edib, onun 40 ildən çox davam edən aşbazlıq fəaliyyəti haqqında məlumat verib.

Bildirib ki, usta aşbaz ölkəmizi Malta, Almaniya, Misir, Türkmənistan, Moldova, Fransa, ABŞ, Malayziya və digər ölkədə ləyaqətlə təbliğ edib.

Yubiley tədbirində usta aşbaza 60 yaşı və 40 illik əmək fəaliyyəti münasibətilə Mədəniyyət və Turizm Nazirliyinin, Azərbaycan Həmkarlar İttifaqı Konfederasiyasının, Azərbaycan Milli Kulinariya Mərkəzinin və AMKA-nın fəxri fərmanları təqdim olunub.

Sonda Qərbi Azərbaycanda - Uluxanlı mahalının Zəngilər kəndində dünyaya göz açdığını söyləyən yubilyar bu sənətə gəldiyi üçün qəriblikdə qalan doğma yurduna, valideynlərinə minnətdar olduğunu söyləyib. Bildirib ki, əgər o torpaqda yetişən nemətlərin dadı-duzu olmasaydı, ailəsində o təamları dadmasaydı bəlkə də bu sənətə ürəkdən bağlana bilməzdi.

Yubiley tədbiri incəsənət ustalarının konsert proqramı ilə davam etdirilib.


azertag.az