Milli aviadaşıyıcı "Azərbaycan Hava Yolları" (AZAL) Bakıda keçirilən “AITF-2016” turizm sərgisi çərçivəsində Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin Rusiya Federasiyasında rəsmi turizm nümayəndəliyi olan Tour A Vent şirkəti ilə uzunmüddətli əməkdaşlıq barədə razılıq əldə edib.
"Azərbaycan Hava Yolları" QSC-nin mətbuat xidmətindən bildirilib ki, müqaviləyə əsasən, turizm şirkətinə AZAL aviaşirkəti tərəfindən yerinə yetirilən Kazan-Bakı-Kazan müntəzəm reysində yer bloku ayrılacaq.
Bundan əlavə, aviaşirkət və turizm şirkəti Ulyanovsk hava limanından Bakıya çarter reyslərin yerinə yetirilməsini razılaşdırıblar. Reyslər Embraer və ya Airbus hava gəmiləri ilə yerinə yetiriləcək.
"Mən çox şadam ki, bizim Rusiya regionlarındakı danışıqlarımız konkret nəticə verməyə başlayıb. AZAL aviaşirkəti Azərbaycana turistlərin cəlb edilməsi üçün xarici turizm şirkətlərinə yaxşı şərtlər təqdim etməyə hazırdır", - deyə AZAL QSC-nin vitse-prezidenti Eldar Hacıyev qeyd edib.
"Şirkətimizin əsas məqsədi Azərbaycan turizmini təbliğ və təşviq etməkdir. “Azərbaycan Hava Yolları” Rusiyanın müxtəlif regionlarına bir çox müntəzəm uçuşlar yerinə yetirir. Əminəm ki, bizim sıx əməkdaşlığımız uzunmüddətli xarakter daşıyacaq", - deyə Tour A Vent şirkətinin Volqayanı filialının baş direktoru Yuliya Uba bildirib.
azertag.az