Azərbaycan və İran nəqliyyat sahəsində də uğurla əməkdaşlıq edir
8.4.2016

İqtisadiyyat naziri, Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında iqtisadi, ticarət və humanitar sahələr üzrə Dövlət Komissiyasının həmsədri Şahin Mustafayev ölkəmizdə səfərdə olan İran İslam Respublikasının yol və şəhərsalma nazirinin müavini, Dəmir Yolları Qurumunun prezidenti Mohsen Pur Seyid Ağayini qəbul edib.

İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, görüşdə Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizinin inkişaf etdirilməsi çərçivəsində Azərbaycan və İran arasında dəmir yollarının əlaqələndirilməsi sahəsində görülən işlərə dair fikir mübadiləsi aparılıb.

Ş.Mustafayev Azərbaycan və İran dövlət başçılarının siyasi iradəsinin, qarşılıqlı səfərlərinin və keçirilən görüşlərin ölkələrimiz arasında əməkdaşlığın inkişafına təkan verdiyini, əlaqələrimizin müxtəlif sahələrdə, o cümlədən nəqliyyat sahəsində uğurla davam etdiyini vurğulayıb. Azərbaycan dəmir yollarının İran dəmir yolları şəbəkəsi ilə birləşdirilməsi də ölkələrimiz arasında əməkdaşlığın inkişafına, tranzit potensialının daha da genişlənməsinə yeni imkanlar yaradır. Hazırda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 23 fevral tarixində İran İslam Respublikasına rəsmi səfəri çərçivəsində imzalanmış müvafiq sənədə uyğun olaraq, Azərbaycan-İran dövlət sərhədində Astara çayı üzərində dəmir yolu körpüsünün tikintisinə başlanmasına hazırlıq işləri görülür.

İran İslam Respublikasının yol və şəhərsalma nazirinin müavini M.Ağayi Azərbaycan və İran dəmir yollarının əlaqələndirilməsinin iqtisadi əməkdaşlığın, xüsusilə yükdaşımalar və ticarət əlaqələrinin genişlənməsində əhəmiyyətini qeyd edib.


trend.az