Demokratiya və İqtisadi İnkişaf naminə Təşkilatın (GUAM) baş katibi Altay Əfəndiyev Ukraynanın Avropaya inteqrasiya məsələləri üzrə infrastruktur nazirinin müavini Oksana Reyterlə görüşüb.
GUAM-ın mətbuat xidmətinə istinadən xəbər verilir ki, görüşün əsas mövzusu 2016-cı ildə GUAM-a üzv ölkələr arasında əməkdaşlığın möhkəmləndirilməsi yollarının müzakirəsi olub.
A.Əfəndiyev nazir müavinini təşkilatın himayəsi altında nəqliyyat sektorunda bir sıra tədbirlər, 2008-ci ildən bəri ilk dəfə yüksək səviyyədə sammit keçirilməsi planı barədə məlumatlandırıb.
GUAM-a daxil olan ölkələri birləşdirən mövcud infrastruktur layihələrinə, xüsusən də Yeni İpək Yolu marşrutu üzrə hərəkət edən dəmir yol xəttinə xüsusi diqqət yetirilib. O.Reyter dəmir yol xəttinin Gürcüstan və Azərbaycan üçün iqtisadi və siyasi maraqlarını vurğulayıb. Qeyd edək ki, hazırda qatarın hərəkət müddətinin, eləcə də tariflərin azaldılması üzərində iş gedir.
Tərəflər mayın 31-dən iyunun 3-dək Odessada keçiriləcək Beynəlxalq Nəqliyyat həftəsi çərçivəsində GUAM çərçivəsində infrastruktur əməkdaşlığına xüsusi bölmə ayrılacağıyla bağlı razılıq əldə edib. Tədbir zamanı GUAM-a üzv ölkələrin 2016-cı il üçün birgə fəaliyyət planının imzalanması planlaşdırılır.
report.az