İndoneziyanın Azərbaycandakı səfirliyində bu ölkənin turizm imkanlarına həsr olunmuş təqdimat keçirilib.
Tədbirdə İndoneziyanın vitse prezidentinin turizm və iqtisadiyyat üzrə xüsusi nümayəndəsi Məhəmməd Zulkarnain, eləcə də Azərbaycan Beynəlxalq Turizm və Səyahətlər (AITF-2016) sərgisində iştirak edən nümayəndə heyətlərinin üzvləri iştirak ediblər.
Tədbirdə çıxış edən İndoneziyanın Azərbaycandakı səfiri Husnan Fanani ölkəsinin bu tədbirdə iştiraka böyük önəm verdiyini bildirib. Onun sözlərinə görə, İndoneziya prezidenti və vitse-prezidenti AİTF sərgisini dəstəklədiyi üçün bura xüsusi nümayəndə heyəti göndərib.
Səfir, həmçinin ölkəsinin turizm potensialı barədə danışaraq qeyd edib ki, İndoneziya hər birinin öz özəlliyi və gözəlliyi olan 17 500 adadan ibarətdir.
“Öz təkrarolunmaz flora və faunasına, sualtı dünyasına görə İndoneziya digər ölkələrdən fərqlənir. İndoneziya qonaqlarını gülərüzlə qarşılayıb, gülərüzlə də yola salır", - deyə H.Fanani bildirib.
Ardından İndoneziyanın turizm potensialına dair videoçarx təqdim olunub.
report.az