ABŞ-ın ölkəmizdəki səfirliyinin dəstəyi ilə Musiqili Teatrda “Brodvey” musiqi layihəsi həyata keçiriləcək
8.4.2016

Azərbaycan Dövlət Musiqili Teatrında Amerika Birləşmiş Ştatlarının Azərbaycandakı səfirliyinin nümayəndələri ilə görüş olub.

Qurumun mətbuat xidmətindən bildirilib ki, Musiqili Teatrın direktoru, Əməkdar İncəsənət Xadimi, Əliqismət Lalayev iki ölkə arasındakı mövcud mədəni əlaqələrdən danışıb.

ABŞ-ın ölkəmizdəki səfirliyinin mədəniyyət və təhsil işləri üzrə müşaviri xanım Emi Pitersen xalqlarımız arasındakı əlaqələrin gündən-günə inkişaf etdiyini qeyd edib.

“Görüşümüz bu əlaqələri daha da genişləndirmək məqsədi daşıyır. Biz inanırıq ki, Amerika-Azərbaycan qarşılıqlı mədəni əlaqələri xalqlarımızın yaxınlaşmasına böyük töhfələr verəcək. Bu münasibətlə ölkəmizdə fəaliyyət göstərən Pol Qordon Emersonun rəhbərlik etdiyi məşhur “Company-E”nin Azərbaycanda ortaq layihə həyata keçirməsini arzulayırıq. “Company-E” 2011-ci ildən dünyanın bir çox ölkələrində müxtəlif mədəni layihələrlə çıxış edir. Hesab edirik ki, Azərbaycanda “Brodvey” musiqi layihəsini həyata keçirmək üçün ən ideal sənət məkanı sizin rəhbərlik etdiyiniz Musiqili Teatrdır. İnanıram ki, qarşılıqlı səylərimiz nəticəsində baş tutacaq “Brodvey ” musiqi layihəsi “Company-E” ilə Azərbaycan Dövlət Musiqili Teatrı kollektivinin ortaq işi kimi böyük uğur qazanacaq”, - deyə xanım Emi Pitersen bildirib.

Azərbaycan Dövlət Musiqili Teatrı ilə “Company-E” arasındakı əməkdaşlığı mədəni və yaradıcılıq mübadiləsi baxımından yüksək dəyərləndirən Əliqismə Lalayev ABŞ-ın Azərbaycandakı səfirliyinin dəstəyi ilə baş tutacaq bu layihənin xalqlarımız və dövlətlərimiz arasındakı mədəni əlaqələrin inkişafında mühüm rol oynayacağına inamını ifadə edib. Qeyd edib ki, bu ortaq layihə mədəniyyətlərarası dialoqun bariz nümunəsi olacaq. Layihənin uğurlu alınacağı təqdirdə Musiqili Teatrın bu konsert-proqramı, tamaşanı cari repertuarına daxil etməyə hazır olduğunu söyləyib.

Sonra layihənin həyata keçirilməsi ilə bağlı müxtəlif məsələlər haqqında fikir mübadiləsi aparılıb. “Company-E” ilə Azərbaycan Dövlət Musiqili Teatrı arasında “Brodvey” musiqi layihəsi ilə bağlı razılıq əldə olunub. Layihənin bu ilin may ayının ortalarında həyata keçirilməsi qərara alınıb.


azertag.az