Naxçıvan Biznes Mərkəzində muxtar respublikanın İqtisadiyyat Nazirliyinin təşkilatçılığı ilə nağdsız ödənişlərin artırılması istiqamətində görülən işlər və turizmin inkişafı məsələləri müzakirə edilib.
Tədbir “2016-2018-ci illərdə Naxçıvan Muxtar Respublikasında müasir elektron ödəniş xidmətlərinin tətbiqinin və nağdsız hesablaşmaların genişləndirilməsi üzrə Proqram”da və Naxçıvan Muxtar Respublikasında turizmin inkişafı ilə bağlı keçirilmiş müşavirədə qarşıya qoyulmuş vəzifələrin icrası ilə əlaqədar keçirilib.
Tədbirdə muxtar respublikanın İqtisadiyyat Nazirliyinin şöbə müdiri Mircavid Tağızadə çıxış edərək bildirib ki, özəl sektorda işçilərin əməkhaqlarının nağdsız formada (ödəniş kartı ilə) ödənilməsinin əhəmiyyəti haqqında sahibkarların maarifləndirilməsi istiqamətində tədbirlər həyata keçirilib, əməkhaqqı kartlarının müəssisə və müəssisənin əməkdaşları üçün sərfəli olduğu barədə geniş məlumat verilib. Əməkhaqqı ödənişləri zamanı vaxta qənaət edilməsi, ezamiyyətdə və məzuniyyətdə olan əməkdaşların nəinki respublikamızın bütün regionlarında, hətta istənilən xarici ölkədə əməkhaqqını vaxtında alması imkanı yaranıb. Müəssisənin mühasibat və kassa prosedurlarının son dərəcə sadələşdirilməsi, plastik kart sahibləri üçün vaxt itkisinə yol vermədən bankomat vasitəsilə və ya ev şəraitində internet vasitəsilə kommunal xərclərin, ev telefonu xərclərinin, internet provayderlərinə, mobil operatorlara, kabel televiziyasına, sığorta xidmətlərinə görə və digər ödənişlərin həyata keçirilməsinə geniş imkanlar açılıb.
Qeyd olunub ki, muxtar respublikada istehsal olunan mal və məhsulların, milli dəyərləri əks etdirən əşyaların, əl işlərinin internet kataloqunun hazırlanması və elektron satışlarının təşkil edilməsi istiqamətində tədbirlər həyata keçirilir, nağdsız ödənişlərin həcminin artırılması məqsədilə kart sahibləri arasında maarifləndirici tədbirlər diqqət mərkəzində saxlanılır.
Muxtar respublikanın Vergilər Nazirliyinin şöbə müdiri Zahid Qənbərov, Mərkəzi Bankın Naxçıvan Muxtar Respublikası İdarəsinin nümayəndəsi Tural Şirəlizadə müzakirə olunan məsələ ətrafında çıxış edib, mövzuya uyğun olaraq təqdimat keçirilib.
Yerli istehsal məhsullarından istifadənin təşviqi, istehsalçı, topdansatış və pərakəndə satış obyektlərinin fəaliyyətinin əlaqələndirilməsi istiqamətində görülən işlər haqqında İqtisadiyyat Nazirliyinin şöbə müdiri Namiq Əhmədov geniş məlumat verib.
“Naxçıvan Biznes Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyətinin marketoloqu Vüsal Gülməmmədov muxtar respublikada turizm potensialının inkişafı istiqamətində görülən işlərə, sahibkarlar və sənətkarlar qarşısında duran vəzifələrə toxunub, ölkəmizi, o cümlədən muxtar respublikamızı tanıdan suvenirlərin, hədiyyəlik xatirə əşyalarının hazırlanması və satışının diqqətdə saxlanılması, turizm sahibkarlığının inkişaf etdirilməsi, turizmlə məşğul olan sahibkarlar tərəfindən bu sahə üzrə layihələrin, biznes planların hazırlanmasının və həyata keçirilməsinin vacibliyini vurğulayıb.
Sonda 2016-cı ildə qurulması prioritet hesab edilən layihələr sahibkarlara təqdim edilib.
azertag.az