“Apple” 70-dən çox “iPhone” sahibinin məlumatlarını dövlətə verib
8.4.2016

2008-ci ildən bəri “Apple” 70-dən çox “iPhone” sahibinin şəxsi məlumatlarını əldə etməkdə ABŞ hakimiyyət orqanlarına yardımçı olub. Lakin 2013-cü ildə Edvard Snouden ABŞ Milli Təhlükəsizlik Agentliyinin izləmə proqramlarını ifşa etdikdən sonra korporasiya mövqeyini dəyişib.

Bu barədə nüfuzlu “The Wall Street Journal” məlumat yayıb.

İlk belə hal Uotertaun şəhərində uşağa qarşı seksual zorakılıq halı ilə bağlı olub. “Apple” prokurorluğun xahişinə əməl edərək smartfondakı məlumatları təqdim edib. Lakin ABŞ Milli Təhlükəsizlik Agentliyinin sabiq əməkdaşı Edvard Snouden 2013-cü ildə agentliyin ABŞ və xarici ölkə vətəndaşlarını izlədiyini açıqladıqdan sonra “Apple” öz siyasətini dəyişib. Şirkət öz məhsullarının təhlükəsizlik sistemini gücləndirib və hakimiyyətin analoji müraciətlərinə soyuq yanaşmağa başlayıb. Daxil olan 13 sorğu, o cümlədən ötən ilin sonunda San Bernardino şəhərində terror törədən şəxsin smartfonundakı informasiyalar hakimiyyət orqanlarına təqdim edilməyib.


lent.az