Nyu-York Universitetinin Stern Biznes Məktəbində ənənəvi “Pasport günü” keçirilib. Ali təhsil ocağının dekan və professorlarının, yüzlərlə tələbənin, habelə məktəbin məzunları və Nyu-Yorkun işgüzar dairələrinin nümayəndələrinin qatıldığı tədbir çərçivəsində müxtəlif ölkələrdən olan tələbələr öz milli yeməklərini, milli musiqinin müşayiəti ilə milli geyimlərini nümayiş etdiriblər.
Stern Biznes Məktəbinin tələbələri arasında həmyerlimiz Rəna (Ağayeva) Köniq də olub. O, ailə üzvləri və digər həmyerlilərimizlə birlikdə Azərbaycanı bu tədbirdə təmsil edib. Onlar qonaqlara mədəniyyətimiz, adət-ənənələrimizlə yanaşı, cəbhə xəttində baş verən son hadisələr və Dağlıq Qarabağ münaqişənin tarixi haqqında da məlumat veriblər.
Tədbirdə iştirak edən peşəkar skripkaçımız, Temple Universitetində musiqi sənəti üzrə doktorluq dərəcəsi alan Azər Dəmirov Azərbaycan musiqisini, digər iştirakçılar isə Azərbaycanın yallı rəqsini ifa ediblər. Müxtəlif ölkələri təmsil edən iştirakçılar və qonaqlar Azərbaycana dəstək göstərmək üçün “Azərbaycan biz səninləyik” şüarları ilə şəkil çəkdiriblər. Bu il keçirilən tədbirdə milli geyim kateqoriyasında Azərbaycanın təmsilçiləri yüksək xal yığıblar. Azərbaycan stendini təşkil olunmasında ölkəmizin BMT-dəki daimi nümayəndəliyi, Azərbaycan-Amerika Cəmiyyəti, “Cakes by Sevil” şirkəti dəstək göstərib.
azertag.az