Ofis işçilərini narahat edən ağrı: Miyofasiyal ağrı sindromu
11.4.2016

Kürəyinizdən qolunuza doğru yayılan ağrı, bəzən isə keyimə sizi narahat edir? Boynunuzdakı ağrı keçmək bilmir? Ürək xəstəliyiniz olmadığı halda nəfəs alarkən sinənizdə boğulma hiss edirsiniz? Ağrıkəsici vasitələr də ağrılarınızın keçməsinə kömək etmir? Özünüzü davamlı olaraq yorğun hiss edir, sərbəst hərəkət etməkdə çətinlik çəkir və oynaqlarınızda tutulma ilə üzləşirsiniz? Sizdə bu narahatlıqların hətta biri varsa, "Acıbadem Fulya Xəstəxanası"nın fizioterapiya və reabilitasiya mütəxəssisi Prof. Dr. Selda Özçırpıcı yaşadığınız narahatlıqların səbəbini miyofasiyal ağrı sindromunda görərək aşağıdakıları qeyd edir:

Texnologiya və stressin nəticəsi: Dayanmayan ağrılar

Miyofasiyal, başqa sözlə desək, lokal ağrı sindromu adətən 20-50 yaş arası insanlarda, xüsusən də ofis işçilərində müşahidə olunur. İş şəraitinin pis olması, erqonomik şərtlərin olmaması və cib telefonundan istifadənin artması miyofasiyal ağrı sindromunun ən önəmli səbəblərindəndir. Məsələn, uzun müddət stol arxasında işləmək, kompüterdən istifadə, telefonu baş ilə çiyin arasında sıxıb danışmaq, duruş pozğunluğu, stress, ağır yük daşımaq, uzun müddət ayaqüstə qalmaq miyofasiyal ağrı sindromuna təkan verə bilər. Bundan başqa, kompüter, laptop və cib telefonunundan istifadə nəticəsində duruş pozğunluğunun artması ilə miyofasiyal ağrı sindromu son illər daha çox müşahidə edilir.

Ağrıkəsicilər ağrını azaltmır!

Çox vaxt digər xəstəliklərlə səhv salınır

Ağrı xroniki və çox şiddətli dərəcəyə çata bildiyi üçün insanın həyat keyfiyyətini pozur və iş gücü itkisinə yol açır. Miyofasiyal ağrı sindromu çox vaxt bel və ya boyun yırtığı, işias kimi xəstəliklərlə səhv salınır və adətən nəzərən qaçır. Ağrıkəsicilər ağrınızı azaltmadığı üçün xəstələr diaqnoz qoyulunadək ağrıları yaşamaq məcburiyyətində qalırlar. Bəzən ağrılar xəstələri təcili yardıma müraciət etmək məcburiyyətində qoyacaq qədər şiddətli olur. Güclü ağrıkəsicilər xəstələri qısa müddətə sakitləşdirsə də, ağrılar təkrar başlayır.

Ağrılar adətən boyun, bel və kürəkdə olur

Simptomlar nahiyələrə görə dəyişir

Qeyri-artikulyar revmatizm qrupuna daxil olan miyofasiyal ağrı sindromu əzələlərdə və fassiyalarda formalaşan gərgin bantlardakı tətik nöqtələrdən qaynaqlanır. Miyofasiyal ağrı sindromu adətən bel, boyun və kürək nahiyələrində müşahidə olunsa da, əslində əzələ toxumasının olduğu hər yerdə meydana gələ bilər. Əzələlərdə ağrı ilə bərabər spazma, boğulma, keyimə, sancma, dartılma, oynaq hərəkət sərbəstliyində məhdudiyyət, tutulma və yorğunluq kimi digər narahatlıqlar da müşahidə edilir. Bu narahatlıqlara tərləmə və üşümə də əlavə edilə bilər. Simptomlar ağrı tutan əzələ qrupuna və ağrının təsir etdiyi nahiyəyə görə dəyişir. Məsələn, ürək ağrısı yarana bilər, bel və ya boyun yırtığı kimi kliniki nəticələr üzə çıxa bilər.

Fizioterapiya ilə uğurlu nəticələr əldə etmək olur

Xəstə müalicədən razı qalır

Miyofasiyal ağrı sindromunun nədən meydana gəldiyi tam olaraq bilinmir. Genetik meyldən əlavə, duruş pozğunluğu, stress, dəmir və ya D vitamini çatışmazlığı kimi ekoloji amillər səbəbindən də yarana bilər. Miyofasiyal ağrı sindromunun mütləq əlacı olmasa da, müasir günümüzdə bir neçə müalicə üsulu mövcuddur. Önəmli olan təkanverici amili taparaq xəstəyə uyğun müalicəni seçməkdir. Ağrının keçməsi üçün isti-soyuq müalicələri, fizioterapiya, tətik nöqtə inyeksiyaları, quru iynə müalicəsi, neyroterapiya, gərilmə-boşalma hərəkətləri ilə şok dalğa müalicəsi (ESWT) kimi bir sıra müalicə üsulları arasından xəstəyə ən uyğun olanı seçilir. Ağrıya təkan verən amil tapılıb düzəldilərsə, müalicədə olduqca uğurlu nəticə əldə etmək mümkündür.

Ağrıya qarşı tövsiyələr:

• Kompüterdən istifadə edərkən oturma və bədən vəziyyətinizə diqqət edin;

• İş yerinizdə iş şəraitini nizama salın;

• Erqonomik cihazlar və əşyalardan istifadə edin;

• Dincəlməyinizə kifayət qədər vaxt ayırın;

• Əzələlərinizi çox yükləməyin, idmanla həddən artıq məşğul olmayın;

• Çalışın ki, çox yorulmayasınız;

• Stressdən mümkün olduğu qədər uzaq qaçın;

• Müntəzəm olaraq aerobika və gərilmə-boşalma hərəkətləri etməyə çalışın;

• Qidalanmağınıza diqqət edin. Sağlam qidalanmaq, kifayət qədər dəmir və D vitamini qəbul etmək, qələvi tərkibli qidalar yemək birləşdirici toxumaların sağlam nizama salınmasına kömək etdiyi üçün önəmlidir;

• Düzgün yuxu rejimini qoruyun;

• Xəstəliklərinizi nəzarətdə saxlayın. Qalxanvarı vəz və diabet kimi sistematik xəstəliyiniz varsa, onları nəzarətdə saxlamaq üçün müalicələri təxirə salmayın. Çünki xəstəliyin şiddətləndiyi vaxtlarda ağrılar arta bilər.

day.az