Saatlı rayonunda pambıqçılığın inkişafına diqqət artırılıb. Bu il rayonda 8 min hektardan çox sahədə çiyid səpini nəzərdə tutulur. Havanın əlverişli keçməsi ilə əlaqədar bəzi ərazilərdə səpininə artıq başlanılıb. Bol məhsul yetişdirilməsi üçün 600 hektar sahədə süni suvarma sitemləri quraşdılıb.
Əsasən kənd təssərüfatı rayonu olan Saatlı taxılıçılıq və heyvandarlıqla yanaşı, pambıqçılığın inkişafı ilə də respublikada ön sıralarda olub. Təkcə 1981-ci ildə rayonda 15 min hektardan çox sahədə pambıq əkilib və hər hektardan 40 sentner olmaqla 60 min tona yaxın pambıq tədarük olunub. Son zamanlar pambıq əkininə maraq bir qədər azalıb. Bunun səbəbini isə fermerlər satınalma qiymətlərinin aşağı olması ilə izah edirlər. Bu ildən pambığın yığım qiymətinin artırılması, hər hektara görə subsidiya və güzəştli qiymətə mineral gübrənin verilməsi bu məhsulun becərilməsinə marağı artırıb. Rayonda da bu sahəni inkişaf etdirmək üçün bir sıra işlər görülür. Belə ki, təcrübəli aqronom, fermer və digər mütəxəsissilərdən ibarət xüsusi qərargah yaradılıb. İstifadəsiz qalan dəmyə torpaqlar əkin dövriyyəsinə qaytarılıb. Azadkənd ərazi vahidliyində, eləcə də Mil-Muğan kollektorunun ətrafında yerləşən və uzun illər otlaq sahələri olan torpaqlar şumlanır. Yeni kanallar qazılır, arxlar təmizlənir. “Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətinin texnikaları həm şumlama işlərinə, həm də yeni kanalların qazılmasına çəlb olub. Bu il rayonda 8 min 300 hektar sahədə çiyid səpini aparılacaq. Bu, keçən illə müqayisədə 2 dəfə çoxdur. Gələcəkdə isə 15 min hektarda pambıq əkilməsi planlaşdılır.
Bu il havanın əlverişli keçməsi çiyid səpinini tezləşdirib. Hazırda şumlanmış sahələrə çiyid səpilir. Bu il xarici ölkələrdən alınan çiyid istifadə olunur. Gələcəkdə isə çiyid ehtiyacı da yerli tədarük hasabına ödəniləcək. Rayonda suvarmanın keyfiyyətlə və vaxtında aparılması üçün 22 süni suvarma sistemi quraşdılıb. Bununla da 600 hektar əkin sahəsi su ilə təmin ediləcək. Daha 12 suvarma sisteminin də quraşdırılması yekunlaşmaq üzrədir. Hazırda rayonda 3 pambıq emalı və qəbulu zavodu fəaliyyət göstərir. Onlar məhsul tədarük etmək üçün femerlərlə müqavilə bağlayıblar.
Azərbaycan Televiziyası