“Arşın mal alan” musiqili komediyasının Tbilisidə premyerasının 100 illiyi qeyd olunub
12.4.2016

Gürcüstandakı M.F.Axundzadə adına Azərbaycan Mədəniyyəti Muzeyində Azərbaycan professional musiqisinin banisi, dahi Üzeyir Hacıbəylinin ölməz “Arşın mal alan” musiqili komediyasının Tbilisi şəhərində premyerasının 100 illiyinə həsr olunmuş tədbir keçirilib.

Mədəniyyət Muzeyi və Şota Rustaveli adına Dövlət Teatr və Kino Universitetinin birgə təşkilatçılığı ilə keçirilən tədbirdə Azərbaycanın bu ölkədəki səfirliyinin, Gürcüstanın Mədəniyyət və Abidələri Mühafizə Nazirliyinin əməkdaşları, teatr, kino xadimləri, tanınmış opera müğənniləri, elm, incəsənət, mədəniyyət, din xadimləri iştirak ediblər.

Muzeyin direktoru Leyla Əliyeva tədbiri açaraq Gürcüstan ilə Azərbaycan arasındakı mədəni əlaqələrin tarixindən söz açıb, kino sənətimizin incisi sayılan “Arşın mal alan” musiqili komediyasının dünya mədəniyyətindəki xüsusi yerini vurğulayıb.

Şota Rustaveli adına Gürcüstan Dövlət Teatr və Kino Universitetinin rektoru, professor Qiorqi Dolidze iştirakçılara Üzeyir Hacıbəylinin həyat və yaradıcılığı, “Arşın mal alan” komediyasının mühüm atributları və çalarları barədə ətraflı məlumat verib, dahi bəstəkarın yaradıcılığına qonşu ölkədə də böyük qiymət verildiyini bildirib.

Tbilisi şəhərinin meri David Narmaniya, teatr və mədəniyyət xadimləri Otar Baxtadze, Otar Marianiya və başqaları çıxış edərək Azərbaycan mədəniyyətinin nümunələrindən danışıb, bu cür tədbirlərin keçirilməsinin əhəmiyyətini qeyd ediblər.

Vurğulanıb ki, belə tədbirlərin təşkili ölkələrimiz arasındakı mədəni əlaqələrin daha da dərinləşməsinə xidmət edir.

Bildirilib ki, komediyanın premyerasından 100 il keçsə də əsər öz əhəmiyyətini, müasirliyini bu gün də qoruyub saxlayıb. Bu, dahi Üzeyir Hacıbəyli sənətinin ölməzliyinin göstəricisidir.

Sonra milli geyimdə səhnəyə çıxan Gürcüstanın opera müğənniləri “Arşın mal alan” komediyasından müxtəlif parçalar ifa ediblər.

azertag.az