Mayın 5-də Heydər Əliyev Mərkəzində tanınmış fransalı akkordeon ifaçısı Paskal Konte (Pascal Contet) və “Səyyah kvartet”in (The Travelling Quartet) konserti keçiriləcək.
Bu barədə Heydər Əliyev Mərkəzindən məlumat verilib.
“Latın inciləri” (“Influences latines”) adlı konsertdə məşhur tanqo musiqiləri yeni tərz və aranjimanda təqdim olunacaq.
Qeyd edək ki, indiyə qədər bu proqram Fransa, Braziliya və Finlandiyanın müxtəlif şəhərlərində ifa olunub. Kollektiv bu konserti hazırlamaq üçün Fransada yaşayan argentinalı bəstəkarlara köhnə tanqo musiqilərini yeni tərzdə aranjiman etməyi təklif edib. Nəticədə ənənə ilə müasirliyi özündə birləşdirən əsərlər yaranıb.
Akkordeon ustası Paskal Konte 20 ildən artıqdır ki, Fransada müasir musiqinin yaradılmasında aparıcı rol oynayır. 300-dək yeni əsərin yaranması onun adı ilə bağlıdır. Paskal Konte Luçano Berio, Bernard Kavanna, Coşua Faynberq (ABŞ), Jan Franse, Bruno Mantovani və Martin Matalon (Fransa) kimi bəstəkarlarla çalışıb. Paskal Konte, həmçinin teatr üçün musiqilər bəstələyib.
“Səyyah kvartet”in üzvləri – An Qravuan (Anne Gravoin), Matild Sterna (Mathilde Sternat), David Braçini (David Braccini) və Vinsan Paskie (Vincent Pasquier) çıxışları ilə tamaşaçıların rəğbətinə səbəb olub.
Skripkaçı An Qravuan Parisin Musiqi Konservatoriyasının əsas mükafatına layiq görülüb. 1986-cı ildə Veronik Fizman ilə birgə skripka və piano üçün "Sans Tambour ni Trompette" adlı sonata bəstələyib. An Qravuan 25 ildən artıqdır ki, böyük simfonik, eləcə də kiçik kamera orkestrləri ilə birgə konsertlər verir.
Violonçel ifaçısı Matild Sterna Paris Milli Konservatoriyasının violonçel və kamera musiqisi üzrə əsas mükafatına layiq görülüb. Səhnədə bir çox tanınmış musiqiçiləri müşayiət edən ifaçı, həmçinin albomların yazılmasında iştirak edir, teatr üçün musiqilər bəstələyir, kvartetlər üçün simli alətlər üzrə aranjimanlar edir.
Skripkaçı David Braçini Bastiya, Paris və Lozanna konservatoriyalarında təhsil alıb. 1996-cı ildə 2000-ci ilədək Avropa Birliyi Kamera Orkestrinin üzvü olub və dünyanın müxtəlif ölkələrində çıxış edib. O, müxtəlif ansamblların tərkibində ifa edir. David Braçini 2008-ci ildən Paris Orkestrinin üzvüdur.
Kontrabas ifaçısı Vinsan Paskie də Paris Orkestrinin solistidir, həmçinin bəstəkar kimi fəaliyyət göstərir. Paris Milli Konservatoriyasının əsas mükafatına layiq görülüb. O, Finlandiya, Niderland, Norveç, İspaniya, İtaliya, Şimali Koreya, ABŞ və Fransada solo konsertlər verib və ustad dərsləri keçib.
report.az