Aprelin 20-də Beynəlxalq Muğam Mərkəzində Polşanın Azərbaycandakı səfirliyinin təşkilatçılığı ilə “Markova kəndindən samirilər” adlı sərgi açılacaq.
Səfirlikdən bildirilib ki, sərgi yəhudilərə yardım etmiş və almanlar tərəfindən qətlə yetirilən Ulma ailəsinə həsr olunub.
Qeyd edək ki, 1942-ci il dekabrın 13-də almanlar Markova kəndinin sakinlərini ölümlə hədələyərək gizlənilmiş yəhudiləri axtarmağa məcbur ediblər. Növbəti gün aşkar olunmuş yəhudilər (25 nəfər) qətlə yetirilib. Bu faciəvi hadisələrə baxmayaraq, ölümü gözə alaraq doqquz polyak ailəsi yəhudiləri gizlətməyə davam edib. Bu ailələrin arasında Ulma ailəsi də olub. 1944-cü il martın 24-də almanlar Ulma polyak ailəsini (altı övladları ilə birgə) evlərində gizlətdikləri Didner, Grünfeld və Qoldman yəhudi ailələri ilə birgə qətlə yetirib.
Müharibədən əvvəl Polşanın ərazisində 3 milyona yaxın yəhudi mənşəli polyakların yaşaması faktından istifadə edən almanlar burada Polşa və Avropadan, demək olar ki, bütün yəhudiləri toplayıb qətlə yetiriblər. Xilas olunan azsaylı yəhudilər isə öz həyatlarını ölümü gözə alaraq evlərində gizlədən minlərlə polyak ailələrinə borcludurlar. Həmçinin işğal edilmiş Avropada “Jeqota” adlı yeganə yeraltı təşkilat yaradılıb. Təşkilat təqib olunan yəhudilərə yardım edib. Qeyd etmək lazımdır ki, hətta ən kiçik kömək belə almanlar tərəfindən ölümlə cəzalandırılıb. “Markova kəndindən samirilər” sərgisi məhz belə insanlara həsr edilib.
Sərgi aprelin 20-dən 22-dək maraqlananlar üçün açıq olacaq.
azertag.az