Mədəniyyət və Turizm Nazirliyi ilə BP “Sarılar - Qarabağ atının izi ilə” filmi ərsəyə gətirib
12.4.2016

Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi ilə BP Azərbaycan “Azərbaycanfilm” və STUDIO TOR 1 Filmproduktion (Berlin, Almaniya) studiyası ilə birgə “Sarılar - Qarabağ atının izi ilə” adlı yeni sənədli filmini ərsəyə gətirib.

BP Azərbaycandan bildirilib ki, beynəlxalq yaradıcı heyət tərəfindən çəkilmiş bu film dünyada az sayda qalmış nadir cins atlardan olan Qarabağ atlarının daha geniş tanınması məqsədini daşıyır. Filmin əsas xəttini 1956-cı ildə Kraliça II Yelizavetaya hədiyyə edilmiş Qarabağ atının - “Qızılı Oğlan”ın - qohumlarının axtarışı təşkil edir. Avropadan keçməklə Qafqaz dağlarının ətəklərinədək çox uzun və təsirli bir səyahətə çevrilən bu axtarış həmin Qarabağ atının nəslinin davamçılarını, xüsusilə də ona bənzəyən “II Qızılı Oğlan”ı öz vətəni Azərbaycanda sağ-salamat və məğrur tapmaqla nəticələnir. Film insanların və onların dostu olan heyvanların bir-birinə, həm də öz torpaqlarına sıx bağlılığı mövzusunu bir daha gündəmə gətirir.

Filmin rəsmi təqdimat mərasimi aprelin 15-də Nizami Kino Mərkəzində keçiriləcək.

BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qordon Birrell deyib: “Bu film insanların heyvanları öz həyatlarının, ən başlıcası isə, öz mədəniyyətlərinin bir parçası kimi qəbul etmələri haqqında təsirli bir hekayədir. Biz BP şirkəti olaraq mədəni irsə dəstək verməyi sosial fəaliyyətimizin əsas sahələrindən biri kimi seçmişik”.

“Azərbaycanda olduğumuz 20 ildən artıq bir müddət ərzində iri neft və qaz yataqlarının istismarı ilə yanaşı biz həm də çoxsaylı uğurlu sosial və mədəni irslə bağlı layihələr hazırlamış və həyata keçirmişik. Bu layihələr əsasən təhsil, təlim və ixtisas artımı yolu ilə yerli icmaların inkişafına dəstək, yerli müəssisələrə iqtisadi imkanlar yaratmaq, idman və mədəni irsin inkişafına dəstək, ətraf mühitin qorunması və sair sahələri əhatə edir. Azərbaycanın uzunmüddətli və etibarlı tərəfdaşı kimi biz bu mühüm sosial inkişaf sahələrinə sərmayə qoymaqda davam etmək niyyətindəyik”, – deyə Qordon Birrell əlavə edib.

azertag.az