“Mədəniyyət.AZ” jurnalının yeni nömrəsində...
12.4.2016

“Mədəniyyət.AZ” jurnalının mart nömrəsi işıq üzü görüb. Jurnalın bu nömrəsində Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyevanın Bakıda keçirilən Novruz şənliklərində iştirakı, onlara bayram xonçasının hədiyyə olunması, milli geyimli uşaqların rəqsləri, incəsənət ustalarının baharı tərənnüm edən çıxışları öz əksini tapıb. Həmçinin, Novruz bütün türk dünyasına məxsus bir miras olduğu üçün “Türk dünyasında Novruz bayramı necə qeyd olunur?”, “Novruz - beynəlxalq karnavallar statusunda” yazıları, görkəmli maarifçi Mirzə Abbas Abbaszadənin 1920-ci ilin martında “Azərbaycan” qəzetində işıq üzü görən axır çərşənbə, Novruz ənənələri haqqında məqalələr qeyd olunub.

Mədəniyyət və Turizm Nazirliyindən bildirilib ki, nəşrdə, həmçinin “Multikulturalizim ili”nə mühüm töhfə”- Birləşmiş Millətlər Təşkilatının Sivilizasiyalar Alyansının 25-27 apreldə keçiriləcək VII Qlobal Forumuna paytaxt Bakıda gedən hazırlıq, tədbirin ölkəmizə verdiyi töhfələrdən söz açılıb. Azərbaycanın dünyaya ixrac etdiyi milli sərvəti - multikultural dəyərlərlə bağlı bir çox məqamlar ən mötəbər mənbədən - Azərbaycan Respublikası millətlərarası, multikulturalizm və dini məsələlər üzrə dövlət müşaviri Kamal Abdulla tərəfindən cavablandırılıb. Ayın digər önəmli tədbiri - 21 mart - Beynəlxalq Poeziya Günü ilə bağlı “Ver sözə ehya ki...” məqaləsində şair və tərcüməçilərin yaradıcılığından, ədəbi əlaqələrdən söhbət açılıb.

Bu nömrədə ədəbiyyatda, sənətdə, ictimai həyatda, elmdə əvəzsiz xidmətləri olan insanların - Əsgər ağa Gorani, Ağa Musa Nağıyev, Kamal Talıbzadə, Həsənağa Turabov kimi şəxsiyyətlərin xatirələri anılıb, həyat və fəaliyyətləri araşdırılıb.

“...Dənizin səsini dinləmək istəsəz...” Bülbül adına IV Beynəlxalq musiqi müsabiqəsinin “Qran-pri” mükafatçısı İstanbul Opera və Balet Teatrının solisti Dəniz Yetimin müsahibəsi, yerli və xarici kino aləmini silkələyən hadisələr də jurnal səhifələrində yer alıb.

Respublika Gözdən Əlillər Kitabxanası, Azərbaycan Dövlət Teatr Muzeyi, “OYUQ” Teatr studiyası və Fransa memarlığının incisi – Malemezon haqqında geniş məlumatlarla da jurnalda tanış olmaq mümkündür.

Jurnalın bu buraxılışı da gənc tədqiqatçıların araşdırma yazıları ilə zəngindir.

azertag.az